BAKI, 27 yanvar. TELEQRAF
İran futbolunun tanınmış simalarından biri olan Əli Kərimi və futbol ictimaiyyəti ilə bağlı bir qrup nüfuzlu iranlı FIFA-nın prezidenti Canni İnfantinonu ölkədə baş verən etirazlar zamanı futbolçuların öldürülməsini, həbs olunmasını və idmançılara qarşı təhdidləri açıq şəkildə pisləməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu çağırış FIFA-ya və quruma üzv olan 200-dən çox milli futbol assosiasiyasının rəhbərlərinə ünvanlanmış açıq məktubda yer alıb.
Məktubu imzalayan 20 nəfər arasında Əli Kərimi ilə yanaşı, İran millisinin daha üç sabiq üzvü, bir məşqçi, bir hakim və idman jurnalistləri də var.
Məktubda bildirilir ki, İranda baş verən “ümumxalq və vətəndaş hərəkatı” hakimiyyət tərəfindən sistemli repressiyalar, kütləvi qətllər və insanlığa qarşı cinayətlər kimi qiymətləndirilən əməllərlə qarşılanıb. İmzaçıların qeyd etdiyinə görə, yanvar ayında keçirilən etirazlar zamanı on minlərlə insan həlak olub və ölənlər arasında futbol ictimaiyyətinin çoxsaylı üzvləri də var.
Məktubda həlak olanlar arasında keçmiş yüksək liqa futbolçusu Müctəba Tarşizin, qadın futbolu üzrə köməkçi hakim Səba Rəştianın, gənclər üzrə məşqçi Mehdi Lavasaninin, futbolçular Əmirhüseyn Məhəmmədzadə və Ribin Moradinin, eləcə də İranın çimərlik futbolu millisinin qapıçısı Məhəmməd Hacipurun adları çəkilir.
Sənəddə həmçinin “Sepahan” klubunun 19 yaşlı futbolçusu Əmirhəsən Qaderzadənin taleyi ilə bağlı ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, onun ailəsinə etirazlarda iştirak etdiyi üçün edam təhlükəsi ilə üzləşdiyi deyilib. Bu məsələ ötən həftə ABŞ Dövlət Departamenti və Amnesty International tərəfindən də pislənib.
Məktub müəllifləri vurğulayırlar ki, internet və telefon rabitəsinin ölkə üzrə bağlanması həbslər və ölüm hallarının təsdiqlənməsini çətinləşdirir. Onların sözlərinə görə, bəzi futbol xadimləri xaricdən İrana qayıdarkən saxlanılıb, pasportları müsadirə edilib.
Açıq məktubda Canni İnfantinoya müraciətlə qeyd olunur ki, futbol dünyada ən təsirli sosial fenomenlərdən biri olaraq edamlar, qətllər, əsassız həbslər və idmançılara qarşı təhdidlər qarşısında susmamalıdır. FIFA və milli federasiyalar bu halları açıq şəkildə pisləməyə, idmançıları qorumaq üçün bütün hüquqi və intizam mexanizmlərindən istifadə etməyə çağırılır.
Məktub “Bu cinayətlər qarşısında səssizlik qlobal futbolun müdafiə etdiyini iddia etdiyi prinsiplərdən imtina deməkdir” fikri ilə yekunlaşır.