BAKI, 15 sentyabr. TELEQRAF
UEFA Çempionlar Liqasının 2028 və 2029-cu il finallarının keçiriləcəyi stadionlar müəyyənləşib.
Teleqraf xəbər verir ki, UEFA İcraiyyə Komitəsi Salonikidə keçirilən iclasda 2027/28 və 2028/29 mövsümlərinin final oyunlarına ev sahibliyi edəcək stadionları seçib.
2028-ci ildə Çempionlar Liqasının finalı Münhendəki “Bavariya”nın ev stadionu “Allianz Arena”da keçiriləcək. Bir il sonra isə turnirin həlledici qarşılaşmasına Barselonadakı yenilənmiş “Kamp Nou” stadionu ev sahibliyi edəcək.
Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il həlledici matçına Fransanın Lion-Desin şəhərindəki "Park Olimpik Lionne", 2029-cu il finalına isə Uelsin Kardiff şəhərindəki "Milli Stadion" ev sahibliyi edəcək.
UEFA Avropa Liqasının 2028-ci il final qarşılaşması Rumıniyanın Buxarest şəhərindəki "Milli Arena"da, 2029-cu il finalı isə Serbiyanın Belqrad şəhərindəki "Milli Stadion"da təşkil olunacaq. UEFA Konfrans Liqasında isə 2028-ci ilin qalibi İtaliyanın Turin şəhərindəki "Yuventus Stadionu"nda, 2029-cu ilin çempionu isə Macarıstanın Budapeşt şəhərindəki "Puşkaş Arena"da bəlli olacaq.
UEFA Superkuboku uğrunda matç 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki "Yohan Kroyf Arena"da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki "Astana Arena"da keçiriləcək. Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi isə İsveçrənin "Biel/Bienne Arena" idman kompleksində baş tutacaq.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasının finalı Madriddə keçiriləcək.