BAKI, 15 sentyabr. TELEQRAF
“Rusiya heç vaxt danışıqlardan imtina etməyib və Ukraynadakı müharibəni başa çatdırmaq istəyir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Münaqişəni başa çatdırmaq istəyirik və biz heç vaxt danışıqlardan imtina etməmişik. İndiyədək olan bütün danışıqlar bizim təşəbbüsümüzlə dayandırılmayıb. Buna görə də, həmkarlarımız hazır olsalar, bunu bərpa etmək mümkündür. Deyiləcək sözümüz var”, - o bildirib.
Lavrov qeyd edib ki, Moskva 2022-ci ildən - hərbi əməliyyatların məqsədlərinin açıqlanmasından bəri öz mövqeyini dəyişməyib və Kiyev danışıqları bərpa etməyə hazır olduğu təqdirdə buna razıdır. Bununla yanaşı, o vurğulayıb ki, Rusiya Ukrayna məsələsində ağlabatan kompromislər axtarmağa hazır olsa da, NATO-nun öz sərhədlərində yerləşməsinə imkan verməyəcək.
Müharibənin dayandırılması üçün Moskvanın irəli sürdüyü tələblərə gəlincə, bura Ukrayna qoşunlarının Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən, o cümlədən Rusiya ordusunun nəzarət etmədiyi digər ərazilərdən tamamilə çıxarılması, Ukraynanın demilitarizasiyası və denasifikasiyası və NATO-ya üzvlükdən imtina etməsi daxildir.