BAKI, 15 sentyabr. TELEQRAF
“Rusiya niyə Ermənistandakı hərbi baza məsələsini vaxtaşırı gündəmə gətirir? Bəlkə müəyyən narahatlıqları var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Nazeli Baqdasaryan deyib.
Deputat bu mövzunun Ermənistan müxalifətinin nümayəndələri tərəfindən qızışdırıldığını da istisna etməyib. O əlavə edib ki, Rusiya hərbi bazası məsələsi müqavilələr əsasında tənzimlənir: “Hazırda top Rusiyanın meydanındadır. Əgər ictimai açıqlamalar səsləndirilirsə, bundan sonrakı addımları izləmək lazımdır”.
Baqdasaryan qeyd edib ki, Ermənistanın heç bir vətəndaşı özünü sahibsiz hiss edə bilməz, çünki ölkənin sahibi məhz vətəndaşın özüdür. Deputat müxalif “Güclü Ermənistan” partiyasının sədri Samvel Karapetyanın bu barədə açıqlamasından təəssüfləndiyini vurğulayıb:
“Onun hansı gündəliyə xidmət etdiyini başa düşürəm: görünür, ağa çatışmazlığı məhz onlarla bağlıdır, vətəndaşlar isə heç vaxt belə hislər keçirməyəcəklər”.
Samvel Karapetyan Rusiyanın Gümrü şəhərindəki 102-ci hərbi bazası çıxarılacağı təqdirdə Ermənistanın yiyəsiz qalacağını bildirib.
Bişkekdə ŞƏT sammiti çərçivəsində Rusiya və Ermənistan liderləri Vladimir Putin və Nikol Paşinyan arasında keçirilən görüşdən sonra 102-ci bazanın gələcəyi məsələsi Moskva-İrəvan danışıqlarının gündəliyinə daxil edilib. Putin görüşdən sonra bəyan edib ki, Ermənistan xahiş edəcəyi halda Rusiya bazanı çıxarmağa hazırdır. Paşinyan Putinə cavabında vurğulayıb ki, Rusiya bazası Ermənistan üçün vacib deyil, çıxarmaq istəsələr, etiraz etməyəcəklər.