BAKI, 15 sentyabr. TELEQRAF

Qara dənizdə mülki gəmilərə qarşı artan hücumlar bölgədə insan, əmlak, naviqasiya və ətraf mühit təhlükəsizliyinə ciddi zərər vurur.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, görüş zamanı dörd ildən artıqdır davam edən Rusiya-Ukrayna müharibəsinin Türkiyə və regiona təsirləri də müzakirə olunub.

Hakan Fidan bildirib ki, Türkiyə münaqişələrin Qara dənizdən kənarda saxlanılması üçün böyük səylər göstərib:

“Taxıl sazişinin diqqətlə həyata keçirilməsi və Qara dənizdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi sayəsində bu istiqamətdə son dərəcə mühüm uğurlar əldə olunub”.

Nazirin sözlərinə görə, son aylarda Qara dənizdə mülki gəmilərə yönələn hücumların artması ciddi narahatlıq doğurur.

O qeyd edib ki, bu hücumlar nəticəsində bəzi Türkiyə və Azərbaycan vətəndaşı olan dənizçilər də həyatını itirib:

“Allahdan həyatını itirən dənizçilərə rəhmət, yaxınlarına səbir diləyirəm. Müharibənin Qara dənizə də yayılması, vətəndaşlarımızın həyatını və şirkətlərimizin fəaliyyətini təhlükəyə atması qəbul edilə biləcək vəziyyət deyil”.