BAKI, 15 sentyabr. TELEQRAF
İspaniyanın “Barselona” klubu baş məşqçi Hans-Diter Flikin mümkün varisini müəyyənləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə “Sport” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Kataloniya təmsilçisinin rəhbərliyi almaniyalı mütəxəssisin işindən razı olsa da, gələcəklə bağlı planlarını da nəzərdən keçirir.
“Barselona” Flikin postunu gələcəkdə “Komo”nu çalışdıran Sesk Fabreqasa həvalə etməyi düşünür. 39 yaşlı ispaniyalı mütəxəssisin İtaliya klubunda gördüyü iş rəhbərliyin diqqətini cəlb edib.
Fabreqas “Komo”nu B Seriyasından A Seriyasına yüksəldib. Bu səbəbdən Fabreqasın adı “Barselona” rəhbərliyində geniş dəstək qazanıb.
Məlumata əsasən, klub daxilində nüfuzlu şəxslərdən biri artıq Fabreqasa mesaj göndərib. Bildirilib ki, ispaniyalı mütəxəssis gələcəkdə “Komo”dan ayrılmaq qərarına gəlsə, digər təkliflərə baxmadan əvvəl “Barselona” ilə əlaqə saxlamalıdır.
Qeyd edək ki, Flik 2024-cü ilin yayında "Barselona"ya baş məşqçi təyin edilib.