BAKI, 15 sentyabr. TELEQRAF

"Neftçi" Azərbaycan Premyer Liqasının cari mövsümünün ilk 5 turunda ən məhsuldar komanda olub.

Teleqraf Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 15 dəfə rəqib qapılarına yol tapan "ağ-qaralar"ın orta məhsuldarlığı 3,00-ə bərabərdir.

Bu, Premyer Liqada son 12 mövsümün rekordunun təkrarıdır. 2016/2017 mövsümündə "Qəbələ" ilk 5 matçında 15 qola sevinib. Daha yüksək məhsuldarlıq isə sonuncu dəfə 2014/2015 mövsümündə qeydə alınıb. Həmin vaxt "İnter" (indiki "Şamaxı") 16 qola sevinib.

"Nefttçi" özünün XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb. Bakı klubu sonuncu dəfə 2000/2001 mövsümündə daha çox qol vurub. Ötən əsrə təsadüf edən son startda paytaxt təmsilçisi 5 oyunda 17 qol vurub.

"Neftçi"nin 6 qoluna imza atan Breno Almeyda son 14 mövsümün rekordunu təkrarlayıb. İlk 5 görüşdə daha çox qol vuran sonuncu oyunçu Junior Nildo 2012/2013 mövsümündə AZAL-ın heyətində 7 dəfə fərqlənib. Sonrakı illərdə Baqali Dabo ("Qəbələ") 2016/2017, Ramil Şeydayev ("Qarabağ") 2022/2023 mövsümündə Breno kimi 6 qol vurub.

"Neftçi"də isə son 16 mövsümdə ilk dəfə futbolçusu ilk 5 qarşılaşmada bu qədər qol vurub. 2010/2011 mövsümündə Bahodir Nasimov 7 qola imza atıb.