BAKI, 15 sentyabr. TELEQRAF

“Rusiyanın hərəkətləri qorxutmaq və parçalanma yaratmaq məqsədi daşıyır, amma buna nail ola bilməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Danimarka Baş naziri Mette Frederiksen Rusiya freqatından Danimarka Hərbi Hava Qüvvələrinin helikopterinə atəş açılmasını şərh edərkən deyib.

“Bu, bütün Avropa boyunca müşahidə etdiyimiz tendensiyanın bir hissəsidir. Getdikcə daha aqressiv və özünə daha inamlı, Avropaya qarşı hibrid müharibəni gücləndirən Rusiya ilə üz-üzəyik; NATO-nu sınağa çəkən və çağırış qarşısında qoyan Rusiya ilə. Rusiya bizi qorxutmaq və parçalanma yaratmaq istəyir. Bizim cavabımız isə bir-birimizə daha sıx dayanmaq və Danimarkanın və Avropanın müdafiə qabiliyyətini gücləndirməkdir”, - Mette Frederiksen bildirib.

Danimarka Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya freqatından Hərbi Hava Qüvvələrinin helikopterinə siqnal raketləri ilə iki dəfə atəş açılıb. Hadisə ilə bağlı Rusiyanın Danimarkadakı səfiri izahat üçün Xarici İşlər Nazirliyinə çağırılıb.