BAKI, 15 sentyabr. TELEQRAF

Azərbaycan və Türkiyə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq daha da inkişaf edir.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Azərbaycan-Türkiyə müttəfiqliyi müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün möhkəm zəmin yaradıb:

“Silahlı qüvvələrimiz arasında keçirilən birgə təlimlər, təcrübə mübadiləsi və müdafiə sənayelərimiz arasında inkişaf edən əməkdaşlıq bu tərəfdaşlığın sahədəki konkret əksidir”.

Nazir Türkiyənin illər boyunca Azərbaycanın haqlı davasını dəstəklədiyini vurğulayıb.

O qeyd edib ki, hazırda əsas məqsəd regionda sülh, sabitlik və rifahın qalıcı şəkildə təmin edilməsidir.

Hakan Fidan Azərbaycan və Ermənistan arasında sülhün yalnız siyasi razılaşma ilə deyil, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişaf vasitəsilə də möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.