BAKI, 15 sentyabr. TELEQRAF
Azərbaycan və Türkiyə üçüncü ölkələrlə müxtəlif üçtərəfli və çoxtərəfli formatlarda əməkdaşlığı genişləndirir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, iki ölkənin əməkdaşlığı yalnız diplomatik və siyasi sahələrlə məhdudlaşmır.
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyənin üçüncü ölkələrlə, o cümlədən müxtəlif regional istiqamətlərdə üçtərəfli əməkdaşlıq formatları mövcuddur.
Ceyhun Bayramov Azərbaycanın son illərdə Afrika istiqamətində də fəal əməkdaşlıq etdiyini bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Afrika ölkələri arasında müxtəlif tədbirlər və əməkdaşlıq mexanizmləri həyata keçirilir:
“Bu formatların daha da gücləndirilməsi və daha konkret istiqamətlərə yönəldilməsi bizim bugünkü fəaliyyətimizin əsas istiqamətlərindən biridir”.