BAKI, 22 mart. TELEQRAF
İranın elektrik stansiyalarına hücum ediləcəyi təqdirdə, regionun bütün enerji və neft infrastrukturuna dərhal "geri dönməz" zərbələr endiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf "X" hesabında bildirib.
Qalibaf qeyd edib ki, İranın strateji obyektlərinə qarşı hər hansı hərbi müdaxilə bütün region üçün ağır fəsadlar doğuracaq:
"Bütün region boyu kritik infrastruktur, həmçinin enerji və neft obyektləri legitim hədəf hesab olunacaq və geri dönməz şəkildə məhv ediləcək. Bu, neft qiymətlərinin uzun müddət yüksək səviyyədə qalmasına səbəb olacaq".
İran rəsmisinin bu sərt bəyanatı ABŞ Prezidenti Donald Trampın səsləndirdiyi hərbi təhdidə cavab xarakteri daşıyır. Xatırladaq ki, Ağ Ev rəhbəri Hörmüz boğazında naviqasiya azadlığının 48 saat ərzində tam bərpa olunmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbə endirilməsi barədə göstəriş verəcəyini bildirmişdi.