BAKI, 22 mart. TELEQRAF
Qətər Daxili İşlər Nazirliyi ölkə ərazisində baş vermiş helikopter qəzası nəticəsində 6 nəfərin həlak olduğunu, bir nəfərin isə itkin düşdüyünü bildirib.
Teleqraf xəbər verir ki, nazirliyin rəsmi "X" hesabında paylaşılan məlumatda axtarış-xilasetmə əməliyyatlarının ölkənin ərazi sularında davam etdiyi qeyd olunub.
Məlumata görə, xüsusi təyinatlı qruplar helikopterin göyərtəsində olan 7 nəfərdən 6-nın meyitini aşkar ediblər. Hazırda ixtisaslaşmış briqadalar itkin düşən sonuncu şəxsin tapılması üçün intensiv səylərini davam etdirir. Daxili İşlər Nazirliyi faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qətər Müdafiə Nazirliyindən isə bildirilib ki, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub. Hazırda hadisənin təfərrüatları və texniki nasazlığın konkret səbəbləri ilə bağlı genişmiqyaslı araşdırma aparılır.