BAKI, 21 mart. TELEQRAF

İranın İsrailə qarşı həyata keçirdiyi genişmiqyaslı raket hücumu nəticəsində Təl-Əviv və ətraf bölgələrdə ciddi dağıntılar qeydə alınıb.

Teleqraf xəbər verir ki, İsrailin arxa cəbhə komandanlığı İranın raket hücumunun başlaması ilə əlaqədar Təl-Əvivdə həyəcan siqnallarının verildiyini təsdiqləyib.

Məlumata görə, İranın atdığı raketlərdən bir neçəsi İsrailin mərkəzi hissəsindəki yaşayış binalarına birbaşa isabət edib. Xüsusilə Təl-Əvivin ətrafında yerləşən Rişon Lezion şəhərində vəziyyətin daha ağır olduğu bildirilir. Bir neçə bina birbaşa raket zərbəsi nəticəsində dağılıb. Partlayışlardan sonra göyə tüstü sütunları yayılıb.

İsrail mediası və təcili yardım xidmətləri İranın raket hücumu nəticəsində çoxsaylı yaralıların olması barədə məlumat yayıb. Xilasetmə qrupları artıq hadisə yerlərinə cəlb olunub:

"Xilasetmə qrupları raket hücumu nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan şəxslər barədə çoxsaylı müraciətlər alıblar. Hazırda dağıntılar altında qalanların olması ehtimalı araşdırılır".