BAKI, 15 mart. TELEQRAF

İsrail eyni vaxtda həm İran, həm də Livan istiqamətindən genişmiqyaslı raket hücumlarına məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İran tərəfindən ölkənin mərkəzi hissəsinə (Quş-Dan, Şefela, Şaron bölgələri) atılan raketlər hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilsə də, raket qəlpələri Təl-Əvivdə yaşayış massivlərinə düşüb.

İlkin məlumata görə, Təl-Əvivdə raket qəlpələrinin düşməsi nəticəsində 50 yaşlarında iki kişi yüngül xəsarət alıb. Hazırda briqadalar hadisə yerlərində fəaliyyət göstərir.

Mərkəzi bölgəyə hücumdan bir neçə dəqiqə sonra Livan istiqamətindən ölkənin şimalındakı Nahariya şəhəri və ətraf məntəqələr atəşə tutulub.

Eyni zamanda, ölkənin cənubunda yerləşən Eilat şəhərində və yaxınlıqdakı sənaye zonasında həyəcan siqnalları işə düşüb. İsrail ordusu İran tərəfindən atılan ballistik raketin Eilat səmasında uğurla vurulduğunu, raketin havada parçalanma ehtimalının araşdırıldığını bildirib. Cənub bölgəsində hələlik xəsarət alanlar barədə məlumat yoxdur.