BAKI, 1 mart. TELEQRAF
İsrailin Beyt-Şemeş şəhərinə İran tərəfindən atılan ballistik raketin düşməsi nəticəsində həlak olanların sayı 8-ə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə hadisə yerinə cəlb olunan xilasedicilər dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıqdan sonra məlumat yayıblar.
Məlumata görə, raket birbaşa şəhərin yaşayış massivinə düşüb. Güclü partlayış nəticəsində ictimai bomba sığınacağına və ətrafdakı evlərə ciddi ziyan dəyib.
Hücum zamanı xəsarət alan 20-dən çox zərərçəkmiş təcili yardım briqadaları tərəfindən xəstəxanalara təxliyə edilib. Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
***
17:02
İsrailin Beyt-Şemeş şəhərinə İranın ballistik raketinin düşməsi nəticəsində 4 nəfər həlak olub, 20-yə yaxın şəxs isə yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin "Magen David Adom" milli təcili tibbi yardım xidməti rəsmi məlumat yayıb.
Məlumata görə, raket zərbəsi nəticəsində xəsarət alan 20 nəfərdən ən azı ikisinin vəziyyəti ağır qiymətləndirilir.
İsrail ordusu (SAXAL) axtarış-xilasetmə qüvvələrinin və hərbi həkimlərin dərhal hadisə yerinə göndərildiyini açıqlayıb. Bundan əlavə, ağır yaralıların təcili təxliyəsini həyata keçirmək məqsədilə əraziyə xüsusi xilasetmə helikopteri də cəlb olunub.
***
16:16
İsrailin mərkəzi hissəsində yerləşən Beyt-Şemeş şəhərində binaya raket düşüb, nəticədə ağır yaralananlar və dağıntılar altında qalanlar var.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Yanğından Mühafizə və Xilasetmə Xidməti məlumat yayıb.
Bildirilib ki, binaya birbaşa zərbə endirildiyi ehtimal olunur. Hadisə yerinə çox sayda təcili yardım və xilasedici briqadalar cəlb edilib.
İlkin məlumatlara əsasən, hücum nəticəsində bir neçə nəfər xəsarət alıb, onlardan ən azı 3-nün vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.
Hazırda dağıntılar altında qalan sakinlərin xilas edilməsi istiqamətində təcili əməliyyatlar davam etdirilir.