BAKI, 7 sentyabr. TELEQRAF
Yamayka nümayəndə heyəti köləliyin tarixi nəticələrinə görə Böyük Britaniyadan təzminat tələbini ehtiva edən petisiyanı Kral III Çarlza təqdim etmək üçün Londona gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Yamaykanın mədəniyyət naziri Oliviya Qranj bildirib ki, sənəd bazar ertəsi ölkənin dövlət başçısı olan Kral III Çarlza təqdim ediləcək. Petisiyada monarxdan Londonda yerləşən Gizli Şuranın Məhkəmə Komitəsindən hüquqi rəy istəməsi xahiş olunur.
Yamayka tərəfi xüsusilə afrikalıların zorla ölkəyə gətirilməsinin hüquqi olub-olmadığının, bunun insanlığa qarşı cinayət sayılıb-sayılmadığının və Böyük Britaniyanın köləliyin uzunmüddətli nəticələrinə görə Yamaykaya kompensasiya ödəmək öhdəliyinin olub-olmadığının müəyyənləşdirilməsini istəyir.
Qranj bildirib ki, köləlikdən miras qalan problemlər Yamaykanın iqtisadi inkişafına, təhsil və səhiyyə sisteminə, eləcə də müasir çağırışlara cavab vermək imkanlarına hələ də mənfi təsir göstərir.
Məlumata görə, XV-XIX əsrlərdə 12,5 milyondan çox afrikalı zorla Amerikaya aparılıb və kölə kimi satılıb.
Yamayka 2009-cu ildə köləliyin nəticələrinə görə təzminat məsələsi ilə bağlı milli mexanizm yaradan ilk Karib ölkələrindən biri olub. Nümayəndə heyətinin Londonda Britaniya parlamentariləri ilə görüşləri və Britaniya Muzeyində Yamaykaya aid artefaktların geri qaytarılması məsələsini müzakirə etməsi də planlaşdırılır.