BAKI, 7 sentyabr. TELEQRAF
Amerikalı reper Tupak Şakurun qətlindən təxminən 30 il sonra keçirilən məhkəmə prosesi ABŞ hüquq-mühafizə orqanlarının cinayətin açılmasında yol verdiyi mümkün ciddi nöqsanları yenidən gündəmə gətirib.
Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti geniş araşdırma dərc edib.
Məhkəmə prosesində “Southside Compton Crips” qruplaşmasının liderlərindən Duan “Keffe D” Devis Tupak Şakurun qətlini təşkil etməkdə təqsirli bilinib. Devis hələ 2008-ci ildə müstəntiqlərə reperə atəş açan şəxsin qardaşı oğlu Orlando “Baby Lane” Anderson olduğunu bildirmişdi. Anderson 1998-ci ildə başqa bir atışmada öldürülüb.
Məhkəmədə səsləndirilən ifadələr göstərib ki, polis Şakurun 1996-cı ildə öldürülməsindən qısa müddət sonra cinayətin mümkün motivi və şübhəlilər barədə məlumat əldə edib. Buna baxmayaraq, Las-Veqas polisi iş üzrə ilk həbsi yalnız 27 il sonra həyata keçirib.
Keçmiş Kompton polisi Robert Ladd bildirib ki, hüquq-mühafizə orqanları Şakurun öldürülməsində “Southside Crips” qruplaşmasının əli olduğuna hələ həmin dövrdə ciddi şübhə edirdi. Onun sözlərinə görə, Kompton polisi hətta şübhəlilərin dindirilməsi üçün Las-Veqasdan müstəntiqlər də dəvət etmişdi.
“The Guardian” yazır ki, məhkəmə ifadələri istintaqın niyə onilliklərlə nəticəsiz qalması ilə bağlı yeni suallar yaradıb. Proses zamanı polis daxilində mümkün korrupsiya və səriştəsizlik, müxtəlif hüquq-mühafizə qurumları arasındakı ziddiyyətlər və istintaq məlumatlarının paylaşılmasındakı problemlər də gündəmə gəlib.
Tupak Şakur 1996-cı ilin sentyabrında Las-Veqasda avtomobildə olarkən güllələnib və altı gün sonra, 25 yaşında vəfat edib.