BAKI, 7 sentyabr. TELEQRAF
Misirdə məhkəmə tanınmış televiziya aparıcısı Sara Xəlifə və daha 11 nəfəri narkotik maddələrin istehsalı və qaçaqmalçılığı ilə bağlı ittihamlar üzrə edam cəzasına məhkum edib.
Teleqraf xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
39 yaşlı Sara Xəlifə təhlükəsizlik və kriminal mövzulara həsr olunan “Mümkün Missiya” verilişi ilə tanınır.
Misirin dövlətə bağlı “Əl-Əhram” nəşrinin məlumatına görə, təqsirləndirilən şəxslər narkotik maddələrin hazırlanmasında istifadə olunan materialların əldə edilməsi üçün mütəşəkkil cinayətkar qrup yaratmaqda, həmin maddələri satış məqsədilə istehsal etməkdə, həmçinin lisenziyasız silah və sursat saxlamaqda ittiham olunublar.
İstintaq zamanı 750 kiloqramdan çox narkotik vasitə və xammal müsadirə edilib, laboratoriya kimi istifadə olunan iki mənzil aşkarlanıb.
Hökm Misirin Baş Müftisinin rəyi alındıqdan sonra çıxarılıb. Qərardan apellyasiya şikayəti verilə bilər.
Bundan başqa, Sara Xəlifə və digər şəxslər gənc oğlanın qaçırılması və döyülməsi ilə bağlı ayrıca iş üzrə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.
Misirdə narkotik qaçaqmalçılığı da daxil olmaqla bir sıra ağır cinayətlərə görə ölüm hökmü nəzərdə tutulur.