BAKI, 1 mart. TELEQRAF

İsrail Müdafiə Ordusu (SAXAL) fevralın 28-də İrana endirilən ilk zərbələr zamanı İran hərbi komandanlığının 40-a yaxın əsas nümayəndəsinin məhv edildiyini iddia edir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti rəsmi bəyanat yayıb.

Hərbi qurumun yaydığı məlumatda qeyd olunur: "İlkin mərhələdə 40 komandir zərərsizləşdirilib, İran rejiminin müdafiə idarəsinin rəhbərliyi məhv edilib".

Bundan əlavə, bəyanatda bildirilir ki, SAXAL İranın qərb və mərkəzi bölgələrində onlarla hava hücumundan müdafiə (HHM) qurğusunu sıradan çıxarıb. İsrail ordusunun iddiasına görə, məhz bu amil "Tehran səmasında hava üstünlüyünün yaradılmasına yol açıb".