BAKI, 1 mart. TELEQRAF
İranda Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq icra edəcək Rəhbərlik Şurasının tərkibi tam formalaşıb.
Teleqraf xəbər verir ki, bu barədə İranın Məsləhət Şurasının sözçüsü Möhsün Dəhnəvi məlumat yayıb.
Qərara əsasən, yeni Ali Rəhbər seçilənə qədər Əli Xameneini 3 nəfərdən ibarət şura əvəz edəcək. İran qanunlarına görə, bu şuraya ölkə Prezidenti (Məsud Pezeşkian) və Məhkəmə Hakimiyyətinin rəhbəri daxildir. Bu gün isə şuranın 3-cü üzvü təsdiqlənib. Bu şəxs Qəyyumlar Şurasının təmsilçisi Ayətullah Əlirza Ərafidir.
M.Dəhnəvi bildirib ki, bu addım İran Konstitusiyasının 111-ci maddəsinə əsasən atılıb. Məqsəd dövlət idarəçiliyində boşluq yaranmasının qarşısını almaqdır.
Beləliklə, İranın Ekspertlər Məclisi tərəfindən yeni və daimi Ali Rəhbər seçilənə qədər ölkəni bu üçlük (Prezident, Məhkəmə sədri və Ə.Ərafi) idarə edəcək və Xameneinin bütün səlahiyyətlərini onlar həyata keçirəcək.