BAKI, 17 mart. TELEQRAF

Livan Silahlı Qüvvələrinin komandanlığı Suriya ərazisindən şimal və şərq rayonlarının atəşə tutulmasına cavab olaraq, sərhəddə yerləşən hərbçilərə atəş açmağı əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə Livan Müdafiə Nazirliyindən yerli mətbuata bildirilib.

“Ordu bölmələri səhər saatlarından artilleriya, minaatan və dronlardan istifadə etməklə Suriya ərazisindəki atəş mənbələrinə zərbələr endirməyə başlayıb”, - açıqlamada deyilir.

Bundan əvvəl Suriya tərəfdən açılan atəşlər nəticəsində bir uşağın öldüyü, 4 dinc sakinin yaralandığı barədə məlumatlar yayılmışdı. Livan mediasının məlumatına görə, ən azı 50 mərmi Livanın şimalındakı Əl-Kəvva, Əl-Qəsr, Səhalat əl-Mey və Xoş əl-Sayyed yaşayış məntəqələrinin yaxınlığına düşüb.

Suriya televiziyası hücumlarda “Hizbullah”a məxsus silah anbarının məhv edildiyini bildirib. Mənbə qeyd edib ki, sərhəddəki atışmalar zamanı 7 suriyalı hərbçi həlak olub.