BAKI, 27 sentyabr. TELEQRAF

İsrail Ramallahda fəaliyyət göstərən Niderland diplomatik nümayəndələrinin diplomatik statusunu ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar məlumat verib.

Saar bildirib ki, Niderlandın İsraildəki səfirliyinə Ramallahda çalışan diplomatların İsrail tərəfindən verilmiş diplomatik sənədləri yeddi gün ərzində təhvil verməli olduqları barədə məlumat verilib. Bu müddət başa çatdıqdan sonra həmin diplomatların İsrail tərəfindən verilən diplomatik imtiyaz və immunitetləri qüvvədən düşəcək.

Nazirin sözlərinə görə, Niderland Fələstin tərəfi ilə münasibətlərdə maraqlarını təmsil etmək istəyirsə, bunu İsrail ərazisindən deyil, Fələstin Milli Administrasiyasının ərazisindən həyata keçirə bilər.

Saar İsrailə qarşı birtərəfli addımlar atan ölkələrin regiondakı təsirinin azalacağını da bildirib.