BAKI, 28 sentyabr. TELEQRAF

Livandakı "Hizbullah" təşkilatının baş katibi Naim Qasım ölkə rəhbərliyini ABŞ-nin vasitəçiliyi ilə İsraillə aparılan ikitərəfli danışıqları dondurmağa çağırıb.

Teleqraf xəbər verir ki, "Əl-Manar" telekanalı vasitəsilə tərəfdarlarına müraciət edən Naim Qasım bildirib ki, Livan hökuməti İsraillə danışıqlarda heç bir nəticə əldə etməyib və qarşı tərəfə mənasız güzəştlərə gedib.

"Biz Livan hakimiyyətinə İsrailin hücumlarını dayandıra bilməyən bu nəticəsiz danışıqları dondurmağı tövsiyə edirik", - deyə o bildirib.

Naim Qasım hökumətin martın 2-də qəbul etdiyi və "Hizbullah"ın silahlı qanadını qanundankənar elan edən qərarların ləğvi şərtilə dialoqu bərpa etməyə hazır olduqlarını açıqlayıb.

O, təşkilatın silahlı qüvvələrinin Livanın cənubunda İsrail ordusuna qarşı müqaviməti davam etdirdiyini iddia edib. Qasım hökumətin "Hizbullah"ın tərksilah edilməsi tələbini məntiqsiz adlandıraraq hakimiyyəti ABŞ-nin maraqlarına uyğun hərəkət etməkdə ittiham edib.

"Biz silah məsələsini müzakirə etməyə hazırıq. Lakin bu, yalnız İsrail ordusu Cənubi Livanı tərk etdikdən və mülki əhalinin öz evlərinə qayıtmasına şərait yarandıqdan sonra mümkündür", – deyə təşkilat rəhbəri vurğulayıb.

Qeyd edək ki, Naim Qasım bu açıqlamanı "Hizbullah"ın keçmiş lideri Həsən Nəsrullahın ölümünün ikinci ildönümü münasibətilə verib. Nəsrullah 2024-cü il sentyabrın 27-də İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində öldürülüb.

Beyrutun cənubunda onun məqbərəsi yaxınlığında keçirilən anım mərasimində minlərlə insan iştirak edib.