BAKI, 23 sentyabr. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) son aylarda Yəmənin üsyançı “Ənsarallah” Hərəkatına (husilər) hərbi yardımı məhdudlaşdırmayıb, əksinə, yeni hərbi rabitə şəbəkəsinin yaradılmasında, rabitə avadanlıqlarının daşınmasında və kriptoqrafiya mütəxəssislərinin göndərilməsində iştirak edib.

Teleqraf xəbər verir ki, bu barədə “Eram News” Yəmənin təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin sözlərinə görə, SEPAH-ın taktiki dəstək bölməsi iyulun əvvəlində iki təyyarə ilə yeni rabitə avadanlıqlarını və hərbi rabitə mühəndisliyi və kriptoqrafiyası üzrə ixtisaslaşmış mütəxəssisləri Səna və Xudeydə hava limanlarına gətirib.

“Eram News” yazıb ki, SEPAH husilərin nəzarətində olan ərazilərdə fiber-optik şəbəkələri yerli simsiz rabitə ilə birləşdirən sistem də yaradıb. Bu layihənin məqsədi husilərin hərbi rabitəsinin dinlənilmə, müşahidə və elektron müdaxilə qarşısında zəifliyini azaltmaqdır.

Mənbə əlavə edib ki, husilər Qırmızı dənizin cənubunda yerləşən hakim yüksəkliklərdə radarların quraşdırılmasına başlayıblar.