BAKI, 28 sentyabr. TELEQRAF
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ölkədə yanacağın qiymətlərini məhdudlaşdırmaq qərarını alqışlayıb.
Teleqraf xəbər verir ki, Meloni bu barədə X sosial şəbəkəsindəki hesabında paylaşım edib.
Baş nazir bildirib ki, İtaliyanın “Eni” şirkətindən sonra SOCAR-ın törəmə şirkəti “Italiana Petroli” (IP) də ölkə üzrə yanacağın qiymətlərinə yuxarı hədd tətbiq etmək qərarına gəlib.
Meloni bu addımın İtaliya ailələrinə diqqətin mühüm göstəricisi olduğunu və yanacaq xərclərinin azaldılmasına konkret töhfə verəcəyini vurğulayıb.
O, qərara görə Azərbaycan Prezidenti İlham Əliyevə və SOCAR-ın prezidenti Rövşən Nəcəfə təşəkkür edib.
Baş nazir əlavə edib ki, İtaliya hökuməti mövcud mürəkkəb beynəlxalq şəraitdə ailələri dəstəkləmək və onların alıcılıq qabiliyyətini qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.