BAKI, 27 sentyabr. TELEQRAF
Niderlandda hökumətin məcburi hərbi xidmətə çağırışı bərpa etmək planlarına etiraz olaraq noyabrın 20-də ümummilli gənclər tətili keçiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə “NOS” məlumat yayıb.
Aksiyanın bir neçə pasifist təşkilat tərəfindən təşkil ediləcəyi bildirilir. Təşkilatçılar hakimiyyətin ölkənin hərbiləşdirilməsi, o cümlədən ordunun sayının artırılması və hərbi büdcənin genişləndirilməsi siyasətinə qarşı çıxırlar. Tətilin formatı ilə bağlı hələlik ətraflı məlumat açıqlanmayıb.
Niderlandda hərbi mükəlləfiyyət formal olaraq ləğv edilməyib və 17-45 yaş arası kişi və qadınlara şamil olunur. Lakin məcburi müddətli hərbi xidmət 1997-ci il mayın 1-dən dayandırılıb.
Sentyabrın 11-də Niderland Müdafiə Nazirliyi silahlı qüvvələrin komplektləşdirilməsi ilə bağlı yeni plan təqdim edib. Hazırda əsas diqqət könüllülərin cəlb edilməsinə yönəlsə də, 18-27 yaşlı gənclər üçün məcburi elementlərin mərhələli şəkildə artırılması nəzərdə tutulur. Buraya anket doldurulması, müsahibədə iştirak, seçim mərhələsi və tibbi müayinə daxildir.