BAKI, 28 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkə ərazisində yeni neft emalı zavodlarının tikildiyini və onların təxminən bir il ərzində hazır olacağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Fox News" telekanalına müsahibəsində ölkənin cənubunda dizel yanacağı qıtlığından danışarkən açıqlama verib.
"Ölkənin hər yerində neft emalı zavodları tikilir. Biz 50 il ərzində belə zavodlar inşa etməmişik. İndi isə bütün ölkə üzrə yeni müəssisələr tikirik. Bu, təxminən bir il çəkəcək", - ABŞ prezidenti deyib.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-dən dizel yanacağının ixracının məhdudlaşdırılması məsələsinin müzakirə olunduğunu açıqlayıb. Lakin Ağ Ev ixraca 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib.