27 Sentyabr xalqımızın tarixində şəhidlərimizin əziz xatirəsinin dərin ehtiramla anıldığı, eyni zamanda milli qürur və qəhrəmanlıq ruhunun yaşadıldığı xüsusi gündür. Bu tarix Vətən uğrunda canından keçən qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad etdiyimiz, eyni zamanda xalqımızın sarsılmaz iradəsini, milli birliyini və tarixi Zəfərə aparan yolu andığımız müqəddəs gündür.

Bunu Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı:
"Həmin gün Vətən müharibəsinin, xalqımızın uzun illər gözlədiyi tarixi ədalətin bərpasına aparan Zəfər yolunun başlanğıcı oldu. Möhtərəm Cənab Prezident İlham Əliyevin 2020-ci il 02 dekabr tarixli Sərəncamı ilə sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Anım Günü təsis edildi.

Azərbaycan xalqı uzun illər işğalla barışmadı. Münaqişənin sülh yolu ilə həlli üçün aparılan danışıqların nəticəsiz qalması, beynəlxalq hüququn tələblərinin və BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin icra edilməməsi status-kvonun illərlə davam etməsinə səbəb oldu. Azərbaycan bütün bu illər ərzində öz ərazi bütövlüyünü bərpa etmək əzmini qoruyub saxladı.

44 günlük Vətən müharibəsi milli iradənin təntənəsinə çevrildi. Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman Ordumuz döyüş meydanında qəhrəmanlıq salnaməsi yazdı. Şəhər və kəndlərimiz, strateji yüksəkliklərimiz bir-birinin ardınca işğaldan azad edildi. Şuşada dalğalanan üçrəngli Bayrağımız ixalqımızın illərlə qəlbində yaşatdığı böyük qayıdış arzusunun gerçəkləşməsinin rəmzinə çevrildi.

Zəfərimizin ən uca zirvəsində şəhidlərimiz dayanır. Şəhidlərimiz Vətən sevgisinin, mərdliyin, şücaətin və fədakarlığın əbədi nümunəsidir. Əsgər və zabitlərimiz sübut etdilər ki, torpaq Vətəndir, tarixdir, milli kimlikdir, əcdadlarımızdan bizə əmanətdir. Müqəddəs əmanətin qorunması naminə canından keçən qardaşlarımız xalqımızın yaddaşında əbədi yaşayacaqlar".

Deputat bildirib ki, Vətən müharibəsi xalqımızın birliyini bütün dünyaya nümayiş etdirdi:

"Cəbhədə Ordumuz, arxada xalqımız eyni amal uğrunda Möhtərəm Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşdi. Yaşından, peşəsindən asılı olmayaraq hər kəs ölkəmizin ərazi bütövlüyünün bərpası naminə səfərbər oldu. Prezident, xalq və Ordu birliyi Azərbaycanın ən böyük gücünə çevrildi.

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, “Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir.” Onların qəhrəmanlığı və fədakarlığı tariximizin ayrılmaz hissəsidir.

Azərbaycan öz qəhrəmanlarının xatirəsini həyata keçirilən dövlət siyasəti ilə yaşadır. Şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğı, onların sosial müdafiəsinin gücləndirilməsi, şəhidlərimizin adlarının əbədiləşdirilməsi dövlətimizin şəhidlərimizin əziz xatirəsinə və Vətən qarşısında misilsiz xidmətlərinə göstərdiyi ehtiramın ifadəsidir.

Bakıda yaradılan Zəfər parkı və 2025-ci il noyabrın 8-də açılan Zəfər muzeyi sözügedən tarixi yaddaşın gələcək nəsillərə ötürülməsinə xidmət edir. Muzeydə yaradılmış səkkiz ekspozisiya zalı Qarabağın tarixindən 44 günlük Vətən müharibəsinə, Şuşanın azad edilməsindən dövlət suverenliyimizin bərpasına və işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə qədər böyük tarixi yolu əks etdirir".

Günay Ağamalı vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda yüksələn əzəmətli bayrağımız, yenidən qurulan şəhər və kəndlərimiz, doğma yurdlarına qayıdan soydaşlarımız şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin əbədi nişanələridir:
"Azad torpaqlarda qurulan evlət, istifadəyə verilən məktəblər, çəkilən yollar, doğma yurduna qayıdan hər bir Şəhidlərimizin müqəddəs ruhuna ehtiramın ifadəsidir.

Müzəffər Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qazanılan tarixi Zəfər şəhidlərimizin müqəddəs amalının gerçəkləşməsi, xalqımızın sarsılmaz iradəsinin və milli birliyinin təntənəsi oldu.

Tarixi Zəfəri xalqımıza bəxş edən qətiyyətli siyasi iradəsinə, müdrik rəhbərliyinə və şəhid ailələri ilə qazilərimizə göstərdiyi daim diqqət və qayğıya görə Möhtərəm Cənab Prezident İlham Əliyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü ifadə edirik. Şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyir, onların əziz xatirəsini sonsuz ehtiramla yad edirik. Qazilərimizin qəhrəmanlığı qarşısında dərin minnətdarlığımızı ifadə edirik. Onların Vətən qarşısındakı xidmətləri heç zaman unudulmayacaq".

Günay Ağamalı

Milli Məclisin deputatı,
Ana Vətən Partiyasının sədri.