BAKI, 23 sentyabr. TELEQRAF

Cənubi Koreya, Avstraliya, Fransa, Almaniya, Yaponiya, Yeni Zelandiya, Polşa və Böyük Britaniya Hörmüz və Bab əl-Məndəb boğazları da daxil olmaqla, dəniz marşrutlarında yaranan maneələri “qəbuledilməz” adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Cənubi Koreya, Avstraliya, Fransa, Almaniya, Yaponiya, Yeni Zelandiya, Polşa və Böyük Britaniya nümayəndələri bu barədə Nyu-Yorkda keçirilən görüşdən sonra birgə bəyanat qəbul ediblər.

“Hörmüz boğazı və Bab əl-Məndəb boğazı da daxil olmaqla, dəniz marşrutlarında istər güc tətbiq etməklə, istər təhdid yolu ilə, istərsə də qeyri-qanuni rüsumlar və ya keçid üçün şərtlər tətbiq etməklə yaradılan maneələr hamının, xüsusilə də həssas vəziyyətdə insanların təhlükəsizliyini və rifahını təhdid edir və qəbuledilməzdir”, - bəyanatda bildirilib.

Səkkiz ölkə bütün dövlətləri belə addımlara qarşı mövqe bildirməyə çağıraraq, BMT-nin Dəniz Hüququ Konvensiyasına riayət etmək öhdəliyini vurğulayıb.