BAKI, 28 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) dörd namizəd ölkənin təşkilata üzvlüyünü təmin etmək məqsədilə mərhələli fəaliyyət planları hazırlamağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Avropa Komissiyası Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün ayrıca yol xəritələri üzərində işləyir. Sənədlərdə üzvlük danışıqlarının mərhələləri, namizəd ölkələrin yerinə yetirməli olduğu tələblər və prosesin başa çatması üçün nəzərdə tutulan müddətlər müəyyənləşdiriləcək.
Yeni planlar həmçinin Aİ-nin hazırkı üzvləri üçün müəyyən öhdəliklər yaradacaq. İnteqrasiya prosesinin növbəti mərhələlərə keçməsi üçün üzv dövlətlərin razılığı tələb olunacaq.
Nəşrin mənbələri bildiriblər ki, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Serbiya və Türkiyə üçün belə yol xəritələrinin hazırlanması nəzərdə tutulmur.
Qeyd edək ki, Ukrayna 2022-ci ilin yayından Aİ-yə namizəd statusuna malikdir. Üzvlük danışıqlarının aparılması isə ölkənin təşkilata qəbuluna zəmanət vermir.