BAKI, 24 sentyabr. TELEQRAF
“İran xarici işlər naziri Abbas Əraqçi Nyu-Yorkda ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla icazəsiz görüşüb”.
Teleqraf xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əli Xəzrian deyib.
O bildirib ki, xarici işlər nazirinin ABŞ rəsmiləri ilə birbaşa görüş üçün Tehrandan icazəsi olmayıb: “Bu danışıqlar İran İslam Respublikasının siyasət çərçivəsindən kənarda aparılıb”.
Əli Xəzrian əlavə edib ki, parlament nümayəndələri Abbas Əraqçinin impiçmenti üçün prosesin başladılmasını tələb edirlər.
“İslamabad anlaşma memorandumunun şərtləri hələ yerinə yetirilməyib, təhdid kölgəsi hələ də İran xalqının başı üzərindədir və ABŞ Prezidenti Donald Tramp hələ də öz həyasız bəyanatları ilə İranı məhv edəcəyi ilə hədələyir. Belə bir şəraitdə danışıqlar aparmaq yalnız qarşı tərəfin zəif olduğu təsəvvürünü təsdiqləyə bilər”.