BAKI, 28 sentyabr. TELEQRAF
İraq hakimiyyəti İranla hava əlaqəsinin qismən bərpasına icazə almaq üçün ABŞ administrasiyası ilə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hədəs" telekanalı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Bağdad ABŞ-dən istisna qaydasında İraqın milli aviadaşıyıcısı "Iraqi Airways" şirkətinə İrana məhdud sayda uçuş həyata keçirməyə icazə verilməsini istəyib.
İraq kompromis variant kimi İrandan həyata keçirilən bütün reyslərin yalnız Nəcəf hava limanında qəbul edilməsini təklif edib.
İraq rəsmiləri hələlik bu məlumatı şərh etməyiblər.
Qeyd edək ki, ABŞ sentyabrın 8-də İrana qarşı sanksiyalar çərçivəsində aviasiya sektorunda fəaliyyət göstərən 35 aviaşirkət və digər müəssisəni sanksiya siyahısına daxil edib.
ABŞ-nin maliyyə naziri Skott Bessent isə sentyabrın 21-də bəyan edib ki, Vaşinqtonun tətbiq etdiyi sanksiyalar nəticəsində İran aviaşirkətləri sentyabrın 23-dən etibarən xarici uçuşlarını dayandırmalı olacaqlar.