BAKI, 25 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ-yə bildirib ki, Vaşinqton Tehranı yeni saziş imzalamağa məcbur etmək üçün İrana qarşı dəniz blokadasını davam etdirməlidir.
Teleqraf xəbər verir ki, bu barədə rəsmi mənbələrə istinadla “Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman ABŞ rəsmilərinə deyib ki, Tehran yeni sazişə razılıq verənədək ABŞ blokadanı davam etdirməlidir. Birləşmiş Ərəb Əmirliklərinin rəsmiləri də regionda qarşıdurmaların və gəmilərə hücumların artmasını nəzərə alaraq, Tehranın tezliklə diplomatiyaya qayıdacağına şübhə ilə yanaşıblar.
WSJ-nin yazdığına əsasən, Tehranla Vaşinqton arasında müharibəyə son qoymaq məqsədilə danışıqların bərpası istiqamətində səylər Bəsrə körfəzinin əsas neft istehsalçılarının müqaviməti ilə üzləşib. Bunun əksinə olaraq, Qətər də daxil bir sıra vasitəçilər Tehran və Vaşinqton arasında danışıqların yeni raundunun Omanda keçirilməsi üçün səylər göstərirlər. Burada məqsəd tərəfləri Hörmüz boğazının yenidən açılmasına və müharibəyə son qoyulması prosesinə başlamağa təşviq etməkdir.
Ağ Ev rəsmisinin sözlərinə görə, Donald Tramp administrasiyası isə hesab edir ki, sanksiyalar və blokada ABŞ-nin İran qarşısındakı mövqeyini gücləndirib. ABŞ rəsmisi əlavə edib ki, Prezident Donald Tramp uyğun şərait yarandıqda İranla danışıqlara hazırdır, amma hazırda buna ehtiyacı yoxdur.