BAKI, 28 fevral. TELEQRAF

1920-ci illərin ortalarında azərbaycanlı dramaturq, İstiqlal Muzeyinin qurucularından Hüseyn bəy Mirzəcamalov bolşeviklər tərəfindən əri qətlə yetirilmiş bacısı Xeyransə xanımı və iki qızını da yanına alaraq yüzlərlə mühacirin üz tutduğu Türkiyəyə yola düşür. O, burada müxtəlif işlərdə çalışır, eyni zamanda aktiv siyasi fəaliyyətdə yer almasa da, bacısının övladlarının elm xadimi kimi yetişmələri üçün əlindən gələni edir. Ara-sıra mühacir mətbuatda şeirlər dərc etdirərək öz hiss və duyğularını sadə cümlələrlə ifadə edir.

Hüseyn bəy Mirzəcamalov haqqında daha əvvəl bir sıra məqalələr qələmə almışıq. Bu yazımızda onunla bağlı yeni məlumatları təqdim etməyə çalışacağıq.

***

AR Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunan mərhum professor Abbas Zamanovun fondunda Hüseyn bəyin göndərdiyi bir sıra məktublar, fotoşəkillər mövcuddur. Məktubların əksəriyyəti köhnə əlifba ilə yazılıb, fotoşəkillərin isə izahı maraqlı şəkildə verilib.

Məktubların zərfindən aydın olur ki, Hüseyn bəy İstanbulda Feneryolunda Tevfik paşa küçəsindəki “Funda” binasında yaşayıb. Məktublar 1970-ci ildən etibarən başlayır. 27 iyun 1970-ci ildə göndərdiyi məktubunda Hüseyn bəy Abbas Zamanova yazıb:

“Sevgili bacı oğlum Abbas!

13. VI. 1970 tarixli məhəbbətnamənlə göndərmək lütfündə bulunduğun M.Ə. Sabir haqqındakı yazıları aldım. Sağ ol! Var ol!”.

Ardınca öz əhvalını sadə misralarla Zamanova bildirib:

Abbas! Sorma halımı!

Açma “həyat” falımı

Keçdisə bir qaç gün xoş

Qalanları oldu boş!

Nərdən gəldik, nə olduq?

Niçin bilməm ki solduq?

Sorma bizi anan kim?

Bu dünyaya atan kim?

Alan kimdir, satan kim?

Oyanıq kim, yatan kim?

Bu məktubla birgə göndərdiyi fotoşəklin arxasında “86-lıq Azəri Dayı. Hüseyn Cemal Yanar” sözlərini yazıb.

5 oktyabr 1971-ci il tarixli Zamanova göndərilmiş açıqcada Yanar ailəsi adından yazılıb: “Böyük dədəmiz Mirzə Camalın “Qarabağ tarixi”ni sevinclə aldıq. Sağ olun, var olun!”

Bu açıqca Hüseyn bəyin məşhur “Qarabağnamə” müəllifi Mirzə Camal bəylə qohum olduğunu göstərir.

9 noyabr 1971-ci il tarixli məktubunda isə Hüseyn bəy Nəsiminin Türkiyədə çıxmış kitabını tapıb Bakıya göndərəcəyini vəd edib.

Hüseyn bəyin göndərdiyi fotoşəkillərin birində bir çox azərbaycanlı mühacir də yer alıb. Təəssüf ki, 1968-ci ildə İstanbulda çəkilən şəklin arxasında ancaq Hüseyn bəyin kimliyi verilib.

6 yanvar 1972-ci ildə göndərdiyi tək fotoşəklinin arxasında isə 87 yaşının olduğunu qeyd edib.

Zamanovun arxivində Hüseyn bəyin tələbəlik dövrünə aid bir fotoşəkil, eləcə də 1912-ci ildə yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevlə birgə şəkli də yer alıb.

Hüseyn bəyin Azərbaycandakı qohumlarından əldə etdiyimiz məlumata görə, inanclı şəxs olan Mirzəcamalov Qurani-Kərimdən bəzi ayələri türk dilinə də tərcümə edib. Bizə göstərilən dəftərdən aydın olur ki, Hüseyn bəy kitab kimi çap etmək məqsədilə bu hazırlıq içərisində olub.

Hüseyn bəyin mühacirət mətbuatındakı şeirləri də, əsasən, “Yanarın dəftərindən” başlığı ilə verilib. Onun “Azərbaycan”, “Türk izi” kimi jurnallarda “Qafqazım”, “Türkün ülküsü”, “Dumlupınar şəhidlərinə”, “Analara ithaf”, “Yuxusuz bir gecənin məhsulu”, “Belə söyləmə”, “Torpaq”, “Həyat çeşməsi”, “Neylərəm” adlı şeirləri işıq üzü görüb...

Professor Abbas Zamanovun arxivindəki əski əlifbadakı materialları oxuduqdan sonra mövzuya bir daha qayıdacağıq.