.png)
BAKI, 24 fevral. TELEQRAF
Azərbaycan Cümhuriyyəti dövründə ədliyyə naziri olmuş Xəlil bəy Xasməhəmmədov mühacirətdə geniş publisistik irsə malik olmasa da, bir sıra jurnallarda məqalə və məktubları dərc edilib. Bəzi yazı və məktubları mühacirətdaxili qarşıdurmalarla bağlıdır, bəziləri isə portret və xatirə tipli məqalələrdir.
Xəlil bəy 7 noyabr 1873-cü ildə Gəncədə doğulub. Gəncə gimnaziyasında orta təhsil alıb, 1895-ci ildə Moskva Universitetinin Hüquq Fakültəsini bitirib. 1897-1907-ci illərdə Yekaterinodar Dairə Məhkəməsi prokurorunun müavini işləyib. 7 fevral 1907-ci ildə Gəncə valiliyindən Rusiya II Dövlət Dumasına deputat seçilib. Dumanın Müsəlman Fraksiyasına daxil olub, Xalq Azadlığı Partiyasında təmsil olunub. 14 oktyabr 1907-ci ildə Bakı, Gəncə və İrəvan valiliklərindən III Dövlət Dumasına deputat seçilib. 9 iyun 1912-ci ildə III Duma fəaliyyətini dayandırıb və Xəlil bəy Gəncəyə dönərək, 1913-1917-ci illərdə vəkilliklə məşğul olub, Gəncə Şəhər İdarəsinin sədri işləyib.
Gəncədə Nəsib bəy Yusifbəyli və başqa əqidədaşları ilə birgə 1917-ci ildə Türk Ədəmi-Mərkəziyyət Firqəsinin yaradıcılarından olub. 26-31 oktyabrda Müsavat Firqəsinin I qurultayında onun Mərkəzi Komitəsinin üzvü seçilib. Zaqafqaziya Komissarlığı hökumətində nəzarət komissarı təyin edilərək, 1917-1918-ci illərdə bu vəzifədə çalışıb. Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının, 1918-ci ilin fevral-mart aylarında Trabzon Sülh Konfransında Zaqafqaziya nümayəndə heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyətinin 1-ci Hökumət kabinəsində ədliyyə naziri, 2-ci kabinədə əvvəlcə portfelsiz nazir, sonra ədliyyə naziri, 3-cü kabinədə daxili işlər naziri, 5-ci kabinədə ədliyyə naziri vəzifələrində çalışıb. Müsavatdan Azərbaycan Məclisi-Məbusanının üzvü olub.
Xəlil bəy 1920-ci il aprelin 1-dən Azərbaycanın Osmanlı dövlətindəki səfiri təyin olunub. Lakin bu fəaliyyətini həyata keçirməsi mümkün olmayıb. 1920-ci ildə cümhuriyyətin işğalından sonra Xəlil bəy də mühacirət həyatı yaşayıb. Ermənilər Tiflisdə Fətəli xan Xoyski ilə Həsən bəy Ağayevi qətlə yetirsələr də, Xəlil bəy yaralı şəkildə xilas ola bilib.
Xəlil bəy 1924-1927-ci illərdə İstanbulda Qafqaz Konfederatları Komitəsinin, 1927-1932-ci illərdə Azərbaycan Milli Mərkəzi katibliyinin, 1934-1939-cu illərdə “Qafqaz” qrupunun üzvü olub. Mühacirətdaxili qarşıdurmalar dövründə onunla Rəsulzadənin yolları ayrılıb. Nəticədə, Müsavatın 1936-cı ildəki Varşava konfransında Xəlil bəy partiyadan çıxarılıb. 1942-ci ildə Almaniyanın Xarici İşlər Nazirliyinin xətti ilə Berlinə görüşə dəvət edilmiş tanınmış Qafqaz siyasi mühacirləri sırasında Xəlil bəy də olub. Xəlil bəy 1945-ci il avqustun 11-də xərçəng xəstəliyindən İstanbulda həyata gözlərini yumub, bir gün sonra dəfn olunub. Əhməd bəy Ağaoğlunun məzarının yanında torpağa tapşırılıb.
Yusif Vəzirlə qarşıdurma
Xəlil bəyin mühacirətdə bizə bəlli olan ilk yazısı İstanbul səfiri olmuş Yusif Vəzirovun Bakıya “Kommunist” qəzetinə göndərdiyi məqalə ilə bağlıdır. Yusif Vəzirov 1925-ci ildə “Kommunist” qəzetində dərc etdirdiyi “Müsavatçıya cavab” adlı yazısında Xəlil bəyin İstanbul səfirliyinə təyin olunmasını fərqli şəkildə izah edib:
“1920-ci ilin axırlarında Əlimərdan bəy Topçubaşovun əlinə bir neçə milyon frank düşür, iştə, o zaman İstanbul səfirliyinə maraq artır və haman mənim yerimi ayda on beş min frank maaşla Xəlil bəy Xasməhəmmədov tutur. (Mən səfir ikən ayda üç min frank maaş alırdım). Lakin burada da bir “hiyleyi-şəri” zühur edir. Mənim rəsməm çəkilməmə Xəlil bəy razı olmur. Çünki beynəlmiləl tarixdə sülh heyəti nəzdində göndərilən bir adamın, yəni Topçubaşovun səfir təyin etməsi görülməmiş bir işdir. Vətənindən mühacir sifətilə İstanbula qaçıb gələn nazirin birdən səfir qiyafəsinə girməsi də gülünc olurdu. Onun üçün mən əski haqqım üzrə səfirliyimdə davam etməli imişəm və Xəlil bəy də bu sayədə “səfir maaşı” şəkli ilə milyonların təqsimində iştirak edəcəkmiş”.
Yusif Vəzirov daha sonra Gəncə üsyanının günahkarları qismində gəncəlilərin Xəlil bəyi və Məşədi Əli Rəfiyevi gördüklərini yazıb, Xəlil bəyin böyük bir evdə yaşadığını, qiymətli xalılar, mebellər aldığını bildirib. Ehtiyaclı mühacirlər buna görə Xəlil bəyə etiraz ediblər, hətta bir dəfə konsulluğa hücum edərək ondan haqq ala biliblər. Daha sonra o, Məhəmmədəmin Rəsulzadəni, Əlimərdan bəy Topçubaşovu da tənqid edib, müəyyən iddialar irəli sürüb.
Şübhəsiz ki, Yusif Vəzirovun bu iddiaları Vətənə dönməkdən başqa çarəsi qalmayan keçmiş səfirin çıxış yolu idi. Amma bu iddiaların ağırlığı qarşısında Xəlil bəyin cavab verməsi gərəkli idi. Buna görə də Xəlil bəyin M. Rəsulzadənin İstanbulda nəşr etdiyi “Yeni Kafkasya” jurnalının 6 fevral 1926-cı il tarixli sayında bir məktubu dərc edilib. Xasməhəmmədov məktubunda illərdir əleyhində mübarizə apardığı düşmənlərinin tərəfinə keçən Vəzirovun bu gedişatı haqlı çıxarmaq üçün bir sıra hadisələr uydurmasının gərəkli olduğunu yazıb. O, Parisdən Bakıya qayıdan Azərbaycan heyətinin üzvlərindən birinin (Hacınski olacaq) Yusif Vəzirovun səfir kimi İstanbul əfkari-ümumiyyəsində çox pis təsir yaratdığını, təcili şəkildə geri çağırılmasının istənildiyini bildirib. Onun yazdığına görə müəyyən səbəbdən onun vəzifədən çıxarılması təxirə salınıb:
“1920-ci ildə bolşeviklər Azərbaycanı barbarcasına istila etdikdən sonra mən digər mültəcilərlə bərabər İstanbula gəldim. Vəzirov haqqında eşitdiyimiz məruzatın hərfiyyən doğru olduğuna eynən şahid olduq. Bunların təfsilatına isə zamanı gəlmədiyi üçün girişmirik. 1923-cü ildə işğal ordularının İstanbulu tərk etdikləri və qəhrəman türk ordusunun İstanbula yaxınlaşması əsnasında Vəzirov Ankaradan aldığı bir tövsiyə üzərinə İstanbulu tərk edib Parisə getdi”.
Xəlil bəy Yusif Vəzirova səfirlikdə qalmasını tövsiyə etmədiyini, sadəcə bir dəfə pasport almaq üçün səfirliyə getdiyi zaman onunla qısa söhbətləşdiyini bildirib. Onun yazdığına görə, Cümhuriyyətin işğalından sonra tək səlahiyyət sahibi Parisdəki Azərbaycan Nümayəndə Heyəti qalmışdı və bu qurum onu İstanbula təmsilçi təyin edib. Bu məqsədlə də ona Vəzirovun dediyi kimi külli miqdarda deyil, sadəcə məsrəflər üçün pul göndərilib, bu puldan Vəzirova da ayrılıb. Çünki Vəzirov səfirlikdə bolşeviklərin Azərbaycanda törətdikləri qırğınlarla bağlı məlumat toplamaqla vəzifələndirilibmiş. Xəlil bəy Yusif Vəzirovun bu vəzifəsindən məqaləsində niyə bəhs etmədiyini ona sual edib. O, Vəzirovun iddialarına cavab verərək İstanbula gəldiyi zaman oradakı azərbaycanlı mühacirlərin sayının 120 nəfər olduğunu, çoxunun ehtiyac içində yaşadığı üçün səfirliyə müraciət etdiklərini bildirib. Bu məqsədlə də onlara yardımlar edilib, lakin bu kimi hallarda hər kəsin məmnun qalmayacağını qeyd edib. Nəticədə bəziləri vətənə qayıdıb, bəziləri isə İstanbulda iş taparaq çalışıblar. O, Gəncə üsyanı zamanı Bakıda olduğunu, bu məsələnin onunla heç bir əlaqəsinin olmadığının bütün gəncəlilərin bildiyini yazıb: “Deyəsən, Vəzirov bu yalanı uydurmaqla Gəncə üsyanına mənfi bir nəzərlə baxdığını söyləmək və bununla da əfəndilərinə xüsusilə xoş görünmək istəmişdir”.
Məqaləsinin sonunda o Yusif Vəzirov haqqında daha sərt ifadələr işlədib.
Təəssüf ki, bolşevik işğalının və mühacirətin ağır şərtlərinin üz-üzə qoyduğu bu insanların hər biri ağrılı tale yaşadılar. Nəticədə Xəlil bəy İstanbulda bir xəstəxanada vəfat etdi, Yusif Vəzir isə sürgündə gözlərini yumdu.
“İstiqlal Bəyannaməsi müştərək imanla qəbul olunmuşdu”
Xəlil bəyin adına mühacirət mətbuatında istila və istiqlal günlərinin qeyd olunması ilə bağlı tədbirlərdə rast gəlirik. Məsələn, 1930-cu ildə İstanbulda keçirilən tədbirdə Xəlil bəy geniş açılış nitqi söyləyib, 28 Mayı tariximizin ən şərəfli günü, milli bayram olduğunu qeyd edib: “On iki il əvvəl, bu gün xalqımızın hissiyyatına, əfkarına və idealına tərcüman olaraq Milli Şuramız Azərbaycanın istiqlalını elan etdi. O zaman mən Milli Şuranın əzalarından idim. Qeyd etməliyəm ki, Milli Şurada müxtəlif siyasi firqələr olmasına rəğmən İstiqlal Bəyannaməsi bir səs və müştərək imanla qəbul olunmuşdu. Bu göstərir ki, istiqlal elanı mənliyini və məfkurəsini tapmış bir millətin müştərək və kollektiv bir əsəridir”. O, çıxışında daha sonra Cümhuriyyət dövründə əldə edilən nailiyyətlərdən bəhs edib, istilanın keçici olduğunu deyib.
Xəlil bəyin ən qiymətli məqalələri Əhməd Cəfəroğlunun redaktorluğunda çıxan “Azərbaycan yurd bilgisi” jurnalında çap olunan yazılarıdır. Jurnalın 1933-cü ilin aprelində çıxan 16-cı sayında onun “İsmayıl bəy Qaspırinskiyə aid bir xatirə” adlı məqaləsi dərc edilib. O, məqaləsində İsmayıl bəylə görüşünü bu şəkildə təsvir edib: “İsmayıl bəyi məktəbin son siniflərində ailəmin abunə olduğu “Tərcüman” vasitəsilə tanıdım... İsmayıl bəyin milli türk məktəblərinin açılması, Rusiya türkləri üçün milli və müştərək bir dilin yaradılması, nəhayət, türk ittihadı haqqındakı çıxışlarından təsəlli tapırdıq... Moskva Universitetində tələbə olarkən artıq özüm “Tərcüman”a abunə yazılmışdım. Yeganə milli qidamız o idi... Nəhayət, bir gün İsmayıl bəyi şəxsən tanımaq şərəfinə nail oldum. 1895-ci ilin mayında mərhum Fətəli xanla bərabər universitetin binasından çıxarkən qapıda bizi bir nəfər qarşıladı, ünvanımı bir yanlışlıq nəticəsində itirdiyini, tələbə Xəlil Xasməhəmmədi tanıyıb-tanımadığımızı soruşdu. Müsbət cavab verdikdən sonra ona qoşuldum... Məlum oldu ki, Moskva İslam Cəmiyyəti Malmada Ermitaj hotelində İsmayıl bəyin şərəfinə bir ziyafət tərtib edib, mən də İsmayıl bəyin təklifi ilə bu ziyafətə dəvət edilmişəm. İsmayıl bəy şəxsən mənimlə bərabər bu ziyafətə getmək üçün məni axtarırmış. Ziyafət çox canlı və maraqlı keçdi... İsmayıl bəy nitqində bir daha bizə türklük idealı aşıladı, bizə böyük bir iman və ümid verdi”.
Jurnalın bir ay sonra çıxan 17-ci sayında isə onun “28 mayın böyük qurbanı” adlı məqaləsi işıq üzü görüb. Baş nazir Fətəli xan Xoyskiyə həsr olunmuş bu yazısında Xəlil bəy ürək ağrısı ilə yazıb: “Azərbaycanın istiqlalının düşmənləri, Azərbaycan məfkurəsinin zəhərli qatilləri qanlı əllərini mərhuma uzatdılar. Onu sırf öz millətinə xidmət etdiyi, ölkəsinə olan dərin bağlılığına və məhəbbətinə görə ana torpağından uzaqda, qürbət ellərin küçəsində acı bir şəkildə qətlə yetirdilər”.
“Azərbaycan yurd bilgisi” jurnalının Türkiyə Cümhuriyyətinin 10-cu ildönümünə həsr edilmiş xüsusi sayında isə Xəlil bəyin “Qardaş cümhuriyyətin onuncu illiyi” adlı yazısı dərc olunub, burada o, İstanbuldakı diplomatik fəaliyyətlərindən bəhs edib.
Şimali qafqazlılarla bir arada
1920-ci illərin sonundan etibarən Xəlil bəy Xasməhəmmədovla Məhəmmədəmin Rəsulzadə arasında qarşıdurmalar yaranıb, nəticədə o, Müsavat Firqəsindən çıxarılıb. Bu illərdə o, şimali qafqazlı siyasətçilərlə, xüsusilə Heydər Bammatla yaxın münasibətlər qurub, onların məcmuələrində yazı və məktubları dərc edilib. Onun Parisdə rus dilində çıxan “Kavkaz” dərgisinin 10-11-ci qoşasayında (oktyabr-noyabr 1934) “Özünüaldatma, yoxsa jonqlyorluq? (M. Rəsulzadəyə cavab”, 36-cı sayında (dekabr 1936) “Siyasi spekulyasiya”, 40-cı sayında (aprel 1937) “Bir münaqişənin sonu”, 50-ci sayında (fevral 1938) “Menşevik separatizmi” adlı yazıları işıq üzü görüb. Sonuncu yazı yenə Heydər Bammatın çıxardığı bu jurnalın almanca versiyası olan “Der Kaukasus” məcmuəsində də verilib.
“Bir münaqişənin sonu” adlı məqaləsi İstanbulda 1937-ci ildə Fuad Əmircanın redaktorluğunda çıxan “Kafdağı” jurnalının birinci sayında türk dilində də dərc olunub. Qeyd edək ki, bu yazı mühacirətdə bəzi gürcü-erməni qruplaşmaları haqqındadır. Jurnalın 1938-ci ildə çıxan ikinci sayında isə Xəlil bəyin “Menşevik separatizmi” məqaləsi “Gürcü menşeviklərin infirat politikası” adı ilə türk dilində işıq üzü görüb.
Xəlil bəyə aid hələ ki əldə etdiyimiz publisistik irs bu qədərdir. Amma onun epistolyar irsi daha zəngindir. O, bir çox azərbaycanlı və şimali qafqazlı siyasi liderlərlə mütəmadi məktublaşıb. Heydər Bammatın İstanbulda qorunan arxivində çalışan tədqiqatçı Cem Kumukdan aldığımız məlumata görə orada Xəlil bəyin iyirmiyə yaxın rus dilində məktubu mövcuddur.