BAKI, 28 fevral. TELEQRAF

Fevralın 25-də xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefonla danışıb.

Teleqraf xəbər verir ki, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətlərdə əməkdaşlığın daha da dərinləşməsinin zəruri olduğunu vurğulayıblar.

Bununla yanaşı, iki ölkə liderləri arasında yüksək səviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.