BAKI, 28 fevral. TELEQRAF

İşğaldan azad olunmuş ərazilərə müntəzəm avtobus reyslərinə maraq artıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf-a verilən məlumata görə, 2024-cü ilin sentyabrından 2025-ci ilin 25 fevral tarixinədək Xankəndi-Bərdə və Bakı-Xankəndi-Laçın müntəzəm avtobus marşrutları üzrə 1270 reys həyata keçirilib.

Ümumilikdə bu ərazilərə 11 min 682 sərnişin daşınıb.

Həmçinin, Mingəçevir-Xankəndi-Laçın və Gəncə-Xankəndi-Şuşa marşrut xətləri üzrə sərnişin daşımalarının təşkilinə başlanılıb.

Vətəndaşların işğaldan azad olunmuş ərazilərə alternativ səfər imkanlarının yaradıldığını nəzərə alaraq, “yolumuzqarabaga.az” portalı üzərindən ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir.

Qeyd edək ki, martın 1-dən vətəndaşlar müntəzəm reyslər üzrə biletləri yalnız “biletim.az” portalı üzərindən əldə edə bilərlər.