
BAKI, 24 fevral. TELEQRAF
"Əqrəb mövsümü: İki dünya bir olsa da" serialının üçüncü seriyası yayımlandı. Tamaşaçılar tərəfindən reaksiyalar müsbətdir, xoş sözlər eşidirik. Amma bəzi hallarda deyirlər ki, "İki dünya bir olsa da" serialı "Əqrəb mövsümü"ndən fərqli olaraq axıcı deyil, dinamika azdır. Burada süjet xətti daha qəlizdir".
Bu sözləri Teleqraf-a serilda çıxış edən aktyor Azər Aydəmir deyib: "Bu layihənin mərkəzi süjeti istintaq və istintaqın gedişatıdır. "Əqrəb mövsümü: İki dünya bir olsa da" 12 seriyadan ibarətdir. Hələ qarşıdakı günlərdə tamaşaçıları şoka salacaq seriyalarımız var".
Azər Aydəmirov sosial şəbəkələrdə serialda vəkillərə qarşı qərəzli fikrin davam etməsinə də münasibət bildirib.
"Bu, absurddur. Bizim işimiz-gücümüz yoxdur ki, serialın gedişatında vəkillərlə bağlı çəkilən hissəyə dəyişiklik edək? Serialın çəkilişləri bitib. İctimai televiziyanın efirində bu haqda açıqlama verdik və müzakirə apardıq. Və bir-birimizi başa düşdük ki, çəkilən səhnələrdə vəkillərə qarşı qərəzdən söhbət gedə bilməz", - deyə o açıqlayıb.
Qeyd edək ki, bir müddət əvvəl Vəkillər Kollegiyası İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV kanalı) efirində yayımlanan “Əqrəb mövsümü: İki dünya bir olsa da" serialında vəkil obrazının aşağılanması ilə bağlı açıqlama yaymışdı. Açıqlamada "vəkildən-zaddan işləsin" və “oğraş vəkil” ifadələrini narazılıqla qarşılanmışdı. Qurum “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 14.1-ci və 39.1.3-cü maddələrinin tələblərinin pozulduğunu qeyd etmişdi.