.jpg)
BAKI, 21 fevral. TELEQRAF
Bu gün Azərbaycan İstiqlal muzeyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş “Əbədi qayıdış” adlı tədbir-sərgi keçirilib.
Teleqraf xəbər verir ki, tədbirə dəvət olunanlar arasında 5 yaşındaykən Xocalını tərk etmiş, dəhşətli faciənin canlı şahidi olan Nəbi Əliquliyev də iştirak edib. O, öz çıxışında faciə haqqında məhz 5 yaşlı uşağın yaşadığı və uşaqlığından qalan acı xatirələrini bölüşüb.
Daha sonra sabiq millət vəkili, professor, tarix elmləri doktoru Həvva Məmmədova və Azərbaycanın Milli Qəhrəmanı, Xocalı soyqırımı şəhidi, Xocalı Hava Limanı Xətt Daxili İşlər Bölməsinin rəisi Əlif Hacıyevin bacısı Şükufə Zeynalova xanım öz çıxışlarında erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər haqqında danışıblar.
Qeyd olunub ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və məkirli soyqırım siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər əsir və girov götürülüb.
Azərbaycan İstiqlal Muzeyində 2017-ci ildən başlayaraq həyata keçirilən “Mədəniyyət xeyriyyəçiliyi” layihəsi çərçivəsində muzeyə hədiyyə edilən Xocalı faciəsinə həsr olunmuş Azərbaycan rəssamı Fəxrəddin Qəhrəmanlının “Fəryad” rəsm əsərinin ictimaiyyətə təqdimatı keçirilib.
Muzeydə təşkil olunan sərgidə 35-dən çox rəsm əsərləri və heykəltaraşlıq nümunələri nümayiş olunub. Bildirilib ki, bu eksponatların toplanmasında rəssam Ülkər Əbülfətin əməyi böyükdür.