BAKI, 26 fevral. TELEQRAF

Son dövrlərdə mədəniyyət sahəsində ciddi islahatlar həyata keçirilir.

Teleqraf xəbər verir ki, bunu "Ana harayı" abidəsini ziyarət edən mədəniyyət naziri Adil Kərimli jurnalistlərə açıqlamasında bildirib.

"Cənab Prezident İlham Əliyevin mədəniyyətin inkişafı ilə bağlı verdiyi tapşırıqların və dayanıqlı dəstəyin nəticəsi olaraq bu sahədə bir sıra kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Ən vacib məsələlərdən biri məhz kadr islahatlarıdır. Mədəniyyət sahəsində idarəçilərin ön plana çəkilməsi, xüsusilə də idarəetmə sahəsində olan boşluqların aradan qaldırılması üçün müvafiq peşəkar kadrların hazırlanaraq vəzifələrə gətirilməsi əsas amillərdən biridir. Vacib məsələrdən biri də musiqi və incəsənət məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsidir. Çünki incəsənətin ilkin bünövrəsi məhz həmin məktəblərdən başlayır. Bu ayın sonu musiqi sahəsində müəllimlərin attestasiyası həyata keçiriləcək. Eyni zamanda digər sahələrdə də attestasiyaların keçirilməsi planlaşdırılır. Bu, xüsusilə mədəniyyət sahəsində mövcud olan potensialın diaqnostikası, şəxslərin peşəkar vərdişlərinin müəyyən edilməsi və qiymətləndirilməsi məqsədi daşıyır", - nazir qeyd edib.