
BAKI, 24 fevral. TELEQRAF
İncəsənət və mədəniyyət dünyanın dərk olunması, məna və məzmunun yaradılması, fikrin və zövqün inkişafı üçün fundamental resursdur. Bu yanaşma müasir dünyamızda, xüsusilə də rəqəmsal alqoritmlərin həyatımızı idarə etdiyi indiki dövrdə mühüm əhəmiyyət daşıyır.
Son illərdə təhsil müəssisələrində musiqi və incəsənət tədrisi, eləcə də XXI əsr bacarıqlarının təlim prosesinə inteqrasiyası təhsil sisteminin inkişaf istiqamətlərindən biri kimi formalaşıb.
XXI əsr bacarıqları gənclərdə yeni və dinamik proseslərə uyğunlaşmaq üçün analitik düşüncə və yaradıcılığın inkişafını, peşəkar fəaliyyətlərində isə əməkdaşlıq bacarıqlarının möhkəmlənməsini hədəfləyir. Bu hədəflər incəsənət və mədəniyyət təhsilinin tədris prosesinə inteqrasiyasını zəruri edir. Necə deyərlər, "Mədəniyyət və incəsənət tədrisi bizi gündəlik həyatımızda daha çox nüansı görməyə, adi hallarda eşidilməyənləri daha yaxşı dinləməyə və yaradıcılıq qabiliyyətimizi daim canlı saxlamağa təşviq edir".
Azərbaycanda musiqi və incəsənət məktəblərində tədris prosesi 100 ildən çoxdur ki, mövcuddur. İlk musiqi məktəbi 1923-cü ildə Gəncədə yaradılmışdır. Son 100 il ərzində bu məktəbləri on minlərlə gənc bitirmiş və onlar arasında dünya səviyyəsində tanınmış bəstəkarlar, ifaçılar və incəsənət xadimləri yetişmişdir. Fikrət Əmirov, Tofiq Quliyev, Vaqif Mustafazadə, Rauf Hacıyev, Vasif Adıgözəlov kimi görkəmli sənətkarlar musiqi təhsillərinə məhz bu məktəblərdən başlamışlar.
Azərbaycanda musiqi və incəsənət məktəbləri şəbəkəsi unikal ənənəyə malikdir. Dövlət tərəfindən maliyyələşdirilən bu məktəblər dünyanın çox az ölkəsində mövcuddur. Hazırda ölkəmizdə 237 musiqi və incəsənət məktəbində 60 minə yaxın şagird təhsil alır, bu məktəblərdə 13 mindən çox müəllim fəaliyyət göstərir.
Son iki il ərzində Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində təhsilin həm forması, həm də məzmunu üzrə geniş islahatlar həyata keçirilməyə başlanılıb. İlk dəfə olaraq ötən il şagirdlərin musiqi məktəblərinə qəbulu elektronlaşdırılıb. Müəllimlərin işə qəbulu isə iki mərhələli və tam şəffaf şəkildə təşkil edilir. 2023-cü ildə 253, 2024-cü ildə isə 237 müəllim uğur qazanıb. Yeni müəllimlərin 63%-i ali təhsillidir.
Müəllim amili incəsənət təhsilində xüsusi əhəmiyyət daşıyır, çünki hər bir məktəbin gücü onun müəllimlərinin səviyyəsi ilə müəyyən edilir.
Bu il ilk dəfə incəsənət məktəblərinin idarəedilməsi üçün İMES rəqəmsal platforması yaradılıb. Bu sistem tədris prosesinin izlənilməsi, müəllim-şagird məlumat bazasının formalaşdırılması, elektron cədvəllərin yaradılması və analitik təhlillərin aparılmasına xidmət edəcək.
Bəs, musiqi və incəsənət məktəblərində fəaliyyət göstərən müəllimlərin rolu necə qiymətləndirilir?
Hazırda bu sistemdə çalışan müəllim heyətinin 80 %-ə yaxını orta ixtisas təhsillidir. Ali təhsilli müəllimlərin sayı cəmi 17 % təşkil edir ki, onların da yalnız yarısı profil üzrə ixtisaslaşıb.
Təəssüflər olsun ki, uzun illər ərzində musiqi və incəsənət məktəblərinə sosial təyinatlı iş yerləri kimi baxılıb. Bu gün də bu sahədən uzaq olan və peşə bacarığı kifayət qədər olmayan şəxslərin musiqi və incəsənət məktəblərində müəllim kimi fəaliyyət göstərməsi hallarına rast gəlinir. Çünki bu vəzifələrə seçim uzun illər ərzində şəffaf və rəqabətli qaydada aparılmayıb. Bu amil isə zamanla təhsilin keyfiyyətinin aşağı düşməsinə və bir çox hallarda musiqi tədrisinin formal xarakter daşımasına gətirib çıxarıb.
Bütün bu amillər musiqi və incəsənət məktəblərində müəllim keyfiyyətinin yüksəldilməsini zəruri edir. Bu məqsədlə Mədəniyyət Nazirliyi müəllimlərin peşəkar bacarıqlarının qiymətləndirilməsi və inkişafı istiqamətində sistemli fəaliyyət həyata keçirir. İlk dəfə olaraq nazirlik tabeliyində fəaliyyət göstərən müəllimlərin peşəkar bacarıqlarının və səriştələrinin ölçülməsi məqsədilə qiymətləndirmə-attestasiya prosesi təşkil ediləcək. Bu prosesin iki il ərzində başa çatdırılması nəzərdə tutulur. Bundan sonra isə musiqi və incəsənət müəllimlərinin ehtiyaclarına uyğun təlimlərin keçirilməsi, açıq dərslərin təşkili və müəllim hazırlığı ilə bağlı ali və orta ixtisas təhsil müəssisələri ilə əməkdaşlıq planlaşdırılır.
Attestasiya prosesi ilk olaraq Bakı, Abşeron və Sumqayıt şəhərlərində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində başlayacaq və daha sonra digər bölgələri əhatə edəcək. Sosial mediada bəzən musiqi və incəsənət məktəblərində müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə ehtiyac olub-olmaması müzakirə edilir. Bəziləri bu addımı işdən azad etmə vasitəsi kimi dəyərləndirir. Lakin nəzərə almaq lazımdır ki, müəllimlər gələcəyimizin təminatçısı olan şagirdlərin təhsilinə birbaşa təsir göstərir və öz üzərində daim işləməlidir.
Qiymətləndirmə və imtahanlara hazırlıq müəllimlərin peşəkarlığının artırılması və musiqi təhsilinin inkişafı üçün atılan vacib addımlardan biridir. Necə deyərlər, əvvəlcə sistemin əsas təməlini təşkil edən müəllimlərimizi qiymətləndirək, daha sonra digər inkişaf istiqamətlərini müəyyən edək.
Əgər təhsilə müəllim amilindən baxsaq bir daha onu təsdiq edə bilərik ki, yaxşı müəllim öyrənməyi öyrənən mühit, daim yaradıcı axtarış və gələcəyi yaradan gənclik deməkdir. Yaxşı müəllim, həm də incəsənət işidir.