BAKI, 28 fevral. TELEQRAF

“Düşünürəm, layiqli qələbə qazandıq. Bu oyunu unudub, çempionat matçlarına hazırlaşmaq daha vacibdir”.

Teleqraf xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev səfərdə “Zirə”ni 2:0 (ilk oyun 1:0) hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab görüşündən sonra mətbuat konfransında deyib.

44 yaşlı mütəxəssis yarımfinala vəsiqə qazanmalarına baxmayaraq, görüşün ağır alındığını bildirib: "Birinci oyun da göstərdi ki, hər iki komanda yaxşı mübarizə apardı. Komandamı əsasən ağır oyuna hazırladıq. Penalti epizodu təsadüfdür. “Zirə”nin də yaxşı epizodları oldu, amma qapıçımız etibarlı oynadı. Yenə futbolçularım yaxşı iş gördülər. Komandamı təbrik edirəm”.

E. Baxşıyev zədəli futbolçulara rəğmən, komandaslnın öz yoluna davametdiyini vurğulayıb: "Oyunçuların bəzilərində mikrozədədir. Bəziləri komanda ilə məşqlərə start veriblər. Düşünürəm ki, getdikcə daha yaxşı olacaqlar”.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan Kubokunun ½ final mərhələsində “Qarabağ”la qarşılaşacaq.