BAKI, 28 fevral. TELEQRAF

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Türkiyə tərəfindən Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətində iştirak edən Hacettepe Universiteti, İstanbul Texniki Universiteti (İTÜ) və Orta Şərq Texnik Universiteti (ODTÜ) rektorlarının iştirakı ilə Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak etmək və qardaş ölkənin ali təhsil müəssisələrinin rektorları ilə görüşmək məqsədilə İstanbul şəhərində səfərdədir.

Nazirlikdən Teleqraf-a bildirilib ki, səfər çərçivəsində nazir rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 27-də Türkiyə-Azərbaycan Universitetinin Himayəçilər Şurasının 4-cü iclasında iştirak edib.

Nümayəndə heyəti səfər zamanı Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar, o cümlədən Mərmərə Universitetinin rektoru Mustafa Kurt və İstanbul Texniki Universitetinin (İTÜ) rektoru Hasan Mandal ilə görüşüb.

Görüş çərçivəsində sözügedən universitetlərin qabaqcıl fakültələrinin maddi-texniki bazası və laboratoriyaları ilə yaxından tanışlıq olub, Qarabağ Universiteti də daxil olmaqla, bir sıra Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə edilib.

Bununla yanaşı, Türkiyədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə də görüş keçirilib, tələbələrin gələcək akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.

Qeyd edək ki, martın 2-dək davam edəcək səfər çərçivəsində universitet rektorları ilə növbəti görüşlərin keçirilməsi planlaşdırılır.