BAKI, 28 fevral. TELEQRAF

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyaya səfər edib.

Nazirlikdən Teleqraf-a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Xorvatiyanın Baş naziri Andrey Plenkoviçin qəbulunda olub.

Qəbul zamanı bildirilib ki, Azərbaycan və Xorvatiya dövlət başçılarının siyasi iradəsi ilə ölkələrimiz arasında əməkdaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir. Azərbaycan və Xorvatiya 2013-cü ildə Zaqreb Bəyannaməsinin imzalanmasından bəri strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirirlər. Baş nazir Andrey Plenkoviç ilə aparılan müzakirədə Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində işbirliyinin, həmçinin işgüzar əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Səfər çərçivəsində Zaqreb şəhərində Xorvatiya-Azərbaycan İqtisadiyyat və İnvestisiya Forumu keçirilib.

Tədbirdə Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ölkəsinin Azərbaycanla iqtisadi-ticarət əlaqələrinin güclənməsinə önəm verdiyini qeyd edib. Vurğulanıb ki, enerjinin Avropa bazarlarına çatdırılması üçün həyata keçirilən layihələr Azərbaycanın etibarlı enerji təchizatçısı kimi rolunu artırır. Xorvatiya şirkətlərinin ölkəmizdə həyata keçirilən iqtisadi layihələrdə iştiraka maraq göstərdiyi bildirilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov iki ölkə arasında iqtisadi münasibətlərin inkişafını vurğulayıb. Xorvatiya Azərbaycanın mühüm ticarət tərəfdaşları sırasında yer alır. Bu dövlətlə investisiya əlaqələri daha da yaxşılaşıb. Ölkələrimizin dövlət və özəl şirkətləri arasında səmərəli tərəfdaşlıq qurulub. Xorvatiya ilə tekstil, nəqliyyat-logistika, qida sənayesi, əczaçılıq, tikinti, kənd təsərrüfatı, yaşıl enerji, turizm və s. istiqamətlərdə tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensial var. Azərbaycanın iqtisadiyyat naziri ölkəmizin iqtisadi prioritetləri, əlverişli işgüzar mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, xorvatiyalı sərmayədarları fəal işbirliyinə dəvət edib.

Xorvatiya İqtisadiyyat Palatasının vitse-prezidenti İqor Pokaz, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələrimizin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, birgə investisiyaların artırılması və şaxələndirilməsi haqqında danışıblar.

Tədbirdə Xorvatiya və Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib.

Forumda “Enerji təhlükəsizliyi və şaxələndirməyə yatırım: Xorvatiya və Azərbaycan arasında əməkdaşlıq”, “Strateji investisiya əməkdaşlığının qurulması: Sənaye və ticarət tərəfdaşlığı” mövzularında panel müzakirələr olub.

Tədbir B2B formatda görüşlərlə davam etdirilib.