
TBİLİSİ, 26 fevral. TELEQRAF
“Bu zamana qədər Xocalı faciəsi barədə məlumatlı deyildim. Bu mövzuda rəsm çəkmək təklifi alanda hadisə barədə maraqlandım və tanış olduğum məlumatlar məni çox təsirləndirdi”.
Bunu Teleqraf-ın Gürcüstan bürosuna açıqlamasında Xocalı mövzusunda qum üzərində rəsm çəkmiş rəssam Nona Giunaşvili deyib.
O, müharibənin yaratdığı ağrı-acıların ona tanış olduğunu qeyd edib.
“Mən Qori şəhərindənəm. 2008-ci ilin avqust müharibəsində doğma şəhərimdə baş verənlərin şahidiyəm. Həmin müharibəyə həsr etdiyim əsər ağır mövzuda ilk əsərim olub. Xocalı faciəsi haqqında əsər yaratmağa böyük məsuliyyətlə yanaşdım. Səhnələr çox təsirli idi deyə emosiyalarsız yanaşa bilmədim”, - rəssam söyləyib.
N.Giunaşvili Xocalı faciəsinə həsr etdiyi əsəri sosial şəbəkə hesablarında paylaşacağını və “Xocalıya ədalət” kampaniyasına dəstəyini ifadə edəcəyini vurğulayıb.
Qeyd edək ki, N.Giunaşvili Gürcüstanda qum üzərində müxtəlif mövzularda kompozisiyalar yaradan tanınmış rəssamdır. O, 2012-ci ildə “Rustavi 2” telekanalının “Niçieri” (“İstedadlar”) layihəsinin qalibi olub.