Bakı, 20 fevral. TELEQRAF

Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının həyata keçirilən işlərə və qarşıda duran vəzifələrə dair növbəti iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, ölkə ərazisində yerləşən dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin son siyahısı 2001-ci ildə təsdiq edilib.

Qeyd olunan siyahının yenilənməsinə ciddi ehtiyac var. Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb.

Qeyd olunub ki, aparılmış təhlillər zamanı mövcud siyahıda bir sıra səhvlər, o cümlədən abidələrin adları, tarixləri və digər məlumatlarında uyğunsuzluq, xeyli sayda tarixi, memarlıq və arxeoloji əhəmiyyəti olan obyektlərin reyestrə daxil edilmədiyi kimi çatışmazlıqlar aşkar edilib. Digər bir məqam abidələrin yerləşdiyi ünvanlarla bağlıdır. Məlum olduğu kimi 2001-ci ildən sonra ünvan məlumatlarında bir sıra dəyişikliklər edilib. Bütün məqamlar reyestrin yenilənməsi zamanı nəzərə alınacaq.

Ekspert şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor, Gülçöhrə Məmmədova çıxış edərək şura tərəfindən həyata keçirilən işlər barədə məlumat verib.

Bildirilib ki, Şuranın fəaliyyəti çərçivəsində daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi məqsədilə Ekspertiza aktı formaları hazırlanıb. Ekspertiza aktları memarlıq və arxeoloji abidələrin dövlət qeydiyyatına alınması və dövlət qeydiyyatından çıxarılması, eləcə də zəruri dəyişikliklərin edilməsi üçün nəzərdə tutulub.

İclasda vurğulanıb ki, Şura çərçivəsində həyata keçirilən monitorinqin nəticələri ekspertiza aktları ilə Şura üzvlərinə təqdim olunur. İndiyədək 300-dən artıq nümunəyə dair ekspertiza aktları hazırlanaraq Şuranın müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra verilən qərarlar rəy bildirilməsi üçün AMEA-ya göndərilir. AMEA-dan alınan rəylərə uyğun olaraq, müvafiq qərarın verilməsi üçün Nazirlər Kabinetinə təqdim ediləcək.

Xatırladaq ki, Ekspert Şurası “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert şurasında Mədəniyyət Nazirliyi, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur.