TBİLİSİ, 27 fevral. TELEQRAF

Fevralın 25-də Gürcüstanın “Rustavi 2” telekanalında yayımlanan reytinqli “Qvaçvene şeni xma” (“Səsini göstər”) proqramında Azərbaycan mahnısından bir parça ifa olunub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Azərbaycanın Xalq artisti Sara Qədimovanın repertuarından olan “Küsüb getdi” mahnısını Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktor müavini Leyla Əliyeva təqdim edib.

Proqramın ən parlaq iştirakçısı olmuş soydaşımızın obrazı, ifa tərzi və səsi böyük rəğbətlə və alqışlarla qarşılanıb. Münsiflər heyətinin üzvləri olan tanınmış gürcü müğənnilər “Küsüb getdi” mahnısının ifasına “bravo” və “nə gözəl” sədaları ilə rəğbətlərini ifadə ediblər.

Soydaşımızın çıxışı Gürcüstanın azərbaycanlı icmasında da böyük maraq və sevinc hissi yaradıb.

L.Əliyeva “Teleqraf”ın yerli bürosuna açıqlamasında bildirib ki, proqramda iştirakına böyük məsuliyyətlə yanaşıb. O, niyə məhz “Küsüb getdi” mahnısını seçdiyini belə izah edib:

“Gürcüstanda Azərbaycanın məşhur mahnılarını yaxşı tanıyırlar. Çalışdım ki, gürcü tamaşaçılarına başqa janrda olan mahnımızı təqdim edim. “Küsüb getdi” mahnısı həm də ən çox sevdiyim əsərlərdən biridir. Mən müğənni deyiləm, məqsədim azərbaycanlı olaraq zəngin musiqimizi, mədəni dəyərlərimizi geniş auditoriyaya tanıtmaq olub. Mahnı o qədər həzin və melodikdir ki, onun böyük hərarətlə qarşılanmasına təəccüblənmədim”.

Soydaşımız proqramda çıxışı üçün tikdirdiyi libasdan da söz açıb:

“Milli ornamentlərin yer aldığı paltarım üç gün ərzində tikildi. Peşəkar dərzi-dizayner Lamiyə Qəribovaya təşəkkürümü bildirirəm. O, libasın hazırlanmasına xüsusi həssaslıqla yanaşdı. Parçanın, modelin və naxışların seçilməsində yaxından iştirak etdim. Çıxışım zamanı hər xırda detala xüsusi fikir vermişdim. Hətta Azərbaycan bayrağının rənglərində olan muncuqlardan hazırlanmış qolbağım diqqətli tamaşaçıların nəzərindən yayınmayıb”.

Qeyd edək ki, “Səsini göstər” proqramının hər buraxılışında 6 sirli iştirakçı olur. Onlardan bəziləri vokal göstəricilərinə sahib olur, bəziləri isə ifaçılıq qabiliyyətinə malik olmur. Münsiflər heyətinin əsas vəzifəsi ifaçılıq qabiliyyətinə malik olan iştirakçıları müəyyən etməkdən ibarətdir. Münsiflər Leyla Əliyevanın fonoqramla gürcü mahnısı ifa etməsindən sonra onun vokal göstəricilərinin olmadığını bildiriblər. Bu səbəbdən soydaşımız növbəti mərhələyə keçməyib. O, “Küsüb getdi” mahnısını canlı ifa etdikdən sonra isə münsiflər heyətinin üzvləri çox təəccübləniblər və yanıldıqlarına təəssüfləniblər.