BAKI, 26 fevral. TELEQRAF

Möhtərəm cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən "Qarabağa Qayıdış" və "Böyük qayıdış" dövlət proqramı çərçivəsində Qarabağdakı tarixi abidələrimizin bərpası istiqamətində ciddi addımlar atılır.

Teleqraf xəbər verir ki, bu sözləri Mədəniyyət naziri Adil Kərimli Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarətində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, mədəniyyət infrastrukturunun bərpası istiqamətində də mühüm işlər görünür: "Tarixi abidələrin həm inventarlaşdırılması həyata keçirilib, artıq bitib. Eyni zamanda onların bərpası artıq başlanılıb və bir çox tarixi abidələr Qarabağda Şərqi Zəngəzurda bərpa olunur. Siz artıq bunların şahidisiniz. Sonuncu bərpa layihəmizin açılışını möhtərəm cənab Prezident etdi".