BAKI, 21 fevral. TELEQRAF

"Məşhur gürcü rejissoru, SSRİ Xalq artisti, Gürcüstanın Şota Rustaveli adına Milli Teatrının bədii rəhbəri Robert Sturuanın Azərbaycanda tamaşa səhnələşdirməsi bir hadisəyə çevrilərdi".

Bunu Teleqraf-ın Gürcüstan bürosunun sualına cavabında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov deyib.

Onun sözlərinə görə, R.Sturuanın Dövlət Akademik Milli Dram Teatrında tamaşa qoymağa dəvət olunması planda var.

"Bu barədə düşünürük. Biz təklifimizi edəcəyik. İnanıram ki, Robert Sturuanın teatrımızın səhnəsində tamaşa qoyması baş tutacaq".

Qeyd edək ki, İ.Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfər çərçivəsində sabah Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq.