.jpg)
TBİLİSİ, 21 fevral. TELEQRAF
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında əməkdaşlıq əlaqələri qurulacaq.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov Tbilisidə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, əməkdaşlıq istiqamətləri sabah iki teatr arasında imzalanacaq memorandumda öz əksini tapacaq.
“İnanırıq ki, sənəd Azərbaycanla Gürcüstan arasında mədəni və teatr əlaqələrinin inkişafına öz töhfəsini verəcək. Sənədə əsasən, teatrlar arasında qarşılıqlı ustad dərslərinin keçirilməsi, birgə tamaşaların hazırlanması, rejissorlar arasında görüşlərin keçirilməsi nəzərdə tutulub”, - o söyləyib.
İ.Əsgərov bildirib ki, bu günə qədər Dövlət Akademik Milli Dram Teatrı Gürcüstanın Kote Marcanişvili adına Dövlət Dram Teatrı ilə əməkdaşlıq edib. O, əməkdaşlıq çərçivəsində teatrların səhnələrində qarşılıqlı tamaşa nümayişlərinin təşkil olunduğunu qeyd edib.
Direktor “Azdrama”nın repertuarında olan gürcü müəlliflərinin əsərləri əsasında hazırlanmış “Xanuma” və “Küknarlara məktub” tamaşalarının böyük rəğbətlə qarşılandığını deyib. O, teatrın 2023-cü ildə “Küknarlara məktub” tamaşası ilə Gürcüstanda keçirilmiş Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında iştirak etdiyini xatırladıb.
İ.Əsgərov Azərbaycan müəlliflərinin əsərlərinin Gürcüstanda, gürcü yazarların əsərlərinin isə Azərbaycanda səhnələşdirilməsi ənənələrinin davamlı olacağına ümidvarlığını ifadə edib.
Qeyd edək ki, İ.Əsgərovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfərin ilk günündə Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və səfirlik əməkdaşları ilə birgə Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüb.